Dünya 18:46 31.01.2023

Rusiyaya qarşı sanksiyalar effekt vermir: MDB ölkələrinin yasaq mal hiylələri...

"Euromonitor International” araşdırma şirkəti Avropa İttifaqından Rusiya ilə qonşu ölkələrə ixracda "anormal" artım olduğunu bəyan edib. Şirkətin məlumatların emalı departamentinin rəhbəri Vaydotas Zemlis-Baleviçius hesab edir ki, MDB ölkələri Rusiyada sanksiyalara görə qadağan olunmuş mallar üçün tranzit məntəqələrinə çevrilir.

Qaynarinfo xəbər verir ki, bu barədə RBC "Euromonitor” və "Eurostat” məlumatlarına istinadən yazır.  

Ukraynada müharibə başlayandan sonra, 2022-ci ilin mart-noyabr aylarında Aİ-dən MDB-yə ixrac illik müqayisədə 48% artaraq 20,3 milyard avroya çatıb. Eyni dövrdə Avropa İttifaqından Rusiyaya mal tədarükü 47% azalaraq 36,3 milyard avroya düşüb..
Söhbət Belarus, Ermənistan, Qazaxıstan, Gürcüstan, Özbəkistan və Qırğızıstandan gedir. Rusiyada sanksiyalara məruz qalan malların bu ölkələrə ixracı xüsusilə çox artıb. Onların tədarükləri təxminən iki dəfə - 95% artıb. Eyni zamanda, onların Rusiyaya ixracı 71% azalıb.

Zemlis-Baleviçius hesab edir ki, MDB-yə tədarük edilən malların əksəriyyəti sonradan Rusiyaya yönləndirilir. Bu isə o deməkdir ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar gözlənildiyi kimi getmir. Onun sözlərinə görə, demək olar ki, bütün Aİ ölkələrinin üçüncü ölkələr vasitəsilə Rusiyaya daxil olan Avropa mallarına nəzarət problemi var.

2022-ci ilin noyabrında Aİ-dən Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstana sanksiya tətbiq edilən malların ümumi ixracı təxminən 1,5 milyard avroya çatıb, baxmayaraq ki, bir il əvvəl aylıq həcm təxminən 500 milyon avro təşkil edirdi.
Zemlis-Baleviçius 100-dən çox "sanksiya anomaliyaları” müəyyən edib. Məsələn, Litvadan Belarusa avtomobillərin tədarükü 215% artaraq 174 milyon avroya çatıb. Çexiyadan Qazaxıstana noutbukların ixracı 280% artaraq 67 milyon avroya, smartfonların tədarükü isə sıfırdan 164 milyon avroya yüksəlib. Yunanıstan Gürcüstana aviasiya kerosininin ixracını sıfırdan 75,5 milyon avroya yüksəldib.
Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Avropa İttifaqı Rusiyaya bir çox malların tədarükünə qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlər tədricən ayrı-ayrı paketlərdə tətbiq olunub. İl ərzində Aİ Rusiyaya yarımkeçiricilər və qabaqcıl elektronika, sement, rezin məmulatları, taxta, spirtli içkilər, yüksək səviyyəli dəniz məhsulları, lüks mallar (saatlar, avtomobillər, zərgərlik məmulatları), aviasiya yanacağı və bir çox başqa malların tədarükünə qadağa qoyub. Avropa İttifaqı həm də Rusiyaya avtomobil yolu ilə yük daşınmasına qadağa qoyub.

Bundan əlavə, malları sanksiyalara məruz qalmayan bir çox Avropa və ABŞ şirkətləri müstəqil olaraq Rusiyaya çatdırılmadan imtina etmək qərarına gəliblər.

Nizami Bağırov