Dünya 18:02 07.06.2023

Sabiq vitse-prezident prezidentliyə namizədliyini elan etdi

ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens çərşənbə günü Respublikaçıların namizədliyi uğrunda mübarizəyə başlayaraq namizədliyini irəli sürəcəyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, o, müvafiq videomüraciəti "Twitter"də dərc edib.

Videoda Pens Amerikanı mühafizəkar dəyərlərə qaytarmağa sadiq olduğunu bildirir.

"Uzaq qalmaq asan olardı. Amma mən belə tərbiyə almamışam. Ona görə də bu gün Allah və ailəm qarşısında ABŞ prezidentliyinə namizəd olduğumu elan edirəm", deyə Pens bildirib.

O, "müxtəlif zamanların fərqli liderlik tələb etdiyini" qeyd edərək, ABŞ-ın "Linkolnun dediyi kimi, təbiətimizin ən yaxşı mələklərinə müraciət edəcək bir liderə ehtiyacı olduğunu" vurğulayıb.

"Biz bu ölkəni yenidən qura bilərik. Biz xalqımızı qoruya və sərhədlərimizin təhlükəsizliyini təmin edə bilərik. Biz iqtisadiyyatımızı bərpa edə və ölkəmizi balanslaşdırılmış büdcəyə qaytara, azadlıqlarımızı qoruya və Amerikaya yeni başlanğıc verə bilərik", deyə siyasətçi vurğulayıb.

Xatırladaq ki, bazar ertəsi Pens 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün sənədlərini təqdim edib. 

Nizami Bağırov