Ölkə 16:36 02.02.2022

Samuxda "bariqa" hesab etdiyi şəxsi öldürənə hökm oxundu

Samuxda həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Vüqar Həsənova hökm oxunub və o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

"Report"un xəbərinə görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Qeyd edək ki, qətl hadisəsi 2021-ci il martın 1-də Samux rayonu Sərkar kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1991-ci il təvəllüdlü Həsənov Vüqar Adil oğlu həmkəndlisi, 1991-ci il təvəllüdlü Məmmədov Elşən Rövşən oğlunu şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla qətlə yetirib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham irəli sürülüb.

V.Həsənov məhkəmədə ifadəsində bildirib ki, hadisədən bir neçə gün əvvəl o, E.Məmmədova çayxanada salam verməyib. E.Məmmədov da ondan bunun səbəbini soruşub. Təqsirləndirilən şəxs isə "mən "bariqa"ya (narkotik satan şəxs) salam vermirəm" deyə cavabını verib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Bir neçə gündən sonra həmin şəxslər yenidən görüşüb və V.Həsənov həmkəndlisini öldürüb.