İdman 19:05 26.04.2023

“Səbail”in baş məşqçisi: “Burada taktiki savaş gedir”

Sabah Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində "Qəbələ” Bakıda "Səbail”in qonağı olacaq. İlk görüşdə bölgə təmsilçisinə 3:2 hesabı ilə məğlub olan Bakı klubunun durumu heç də yaxşı deyil. Azərbaycan Premyer Liqasında da turnir cədvəlinin sonuncu pilləsində məskunlaşan komanda elitanı tərk etmək təhlükəsi ilə üz-üzədir. 

Komandanın baş məşqçisi Şahin Diniyev Qaynarinfo-ya açıqlamasında ab-havanı dəyərləndirib: 

"Hər şey yolundadır. Bu oyuna da digərləri kimi hazırlaşırıq. Çox istərdik ki, davam edək. Bunun üçün meydançada vuruşacağıq”.

Məşqçi heyətdə ciddi itkilər olmadığını bildirdi:

"Hamı sıradadır. Lyuyiç Matiyada kiçik narahatlıqlar var. O da yəqin ki, bu gün yox olacaq”.

Təcrübəli mütəxəssis komandada psixoloji gərginik olmasa da, turnir cədvəlində tutduqları pilləyə görə üzərlərində təzyiq yarandığını bildirdi:

"Kubok iki oyuna hesablanır. Burada taktiki savaş gedir. Səfərdə tam başqa oyun olur. Birinci oyunun nəticəsinə uyğun olaraq ikinci matçın planları hazırlanır. Bütün dünyada belədir. Futboldur, uda, uduza bilərik. Komandada psixoloji gərginlik yoxdur. Aydın məsələdir, sonuncu yerdəyiksə, təzyiq olmalıdır. Desəm ki, asandır yalan olar. Tutduğumuz yerə görə üzərimizdə təzyiq var. Ancaq son vaxtlarda komanda səviyyəli, keyfiyyətli oyun göstərir. Bu da optimist danışmağa ümid verir”.

Səbuhi Həsənov