Dünya 19:33 06.02.2023

Seçki ərəfəsində Türkiyədə nə baş verə bilər? (ŞƏRH)

"May ayına qədər çalışacaqlar ki, terror törətməklə Ərdoğanı gözdən salsınlar”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Türkiyənin daxili işlər naziri Süleyman Soylunun ABŞ-ın Ankaradakı səfirliyini Türkiyəni qarışdırmaqda günahlandırması fonunda qardaş ölkədə seçki öncəsi terror hadisələrinin baş vermə ehtimalından danışarkən deyib.
 
"ABŞ başa düşür ki, Ərdoğanın yenidən hakimiyyətdə qalması fonunda özlərinin Türkiyə ilə bağlı istədiklərini həyata keçirə bilməyəcəklər. Ona görə də ABŞ həddən artıq dərəcədə Türkiyənin daxili işlərinə qarışır. Bu xüsusda Suriyada PKK-nı da qızışdırır. Görünən odur ki, ABŞ yenə də PKK və erməni kartından Türkiyəyə qarşı istifadə edir. Burada Vaşinqtonun başlıca məqsədi Türkiyənin müdafiə sənayesinin dünya silah bazarında sürətlə artan satış potensialını nəzarətə götürməkdir. Çünki ABŞ-da Baydeni hakimiyyətə gətirənlər də əsasən silah tacirləridir. Onları da Türkiyənin silah satışında artan rolu qane etmir. Türkiyənin daxili işlər naziri ona görə də ABŞ-a qarşı birmənalı şəkildə açıq müstəvidə çıxışa keçmək məcburiyyətində qalıb. Bu xoş olmasa da, başqa çıxış yolu da yoxdur”, deyə politoloq bildirib.
 


Həmsöhbətimizin fikrincə, seçkiyə qədər Türkiyədə "rəngli inqilab” etmək çətin olacaq:
 
"Çünki Ərdoğanın komandası yaxşı işləyir, piar sistemləri güclüdür. Amma terror hadisələri baş verə bilər. Bu müstəvidə anqlosakslar PKK, hətta İrandan da "yararlanmağa” çalışa bilərlər. Onlar may ayına qədər çalışacaqlar ki, terror törətməklə Ərdoğanı gözdən salsınlar. Çalışacaqlar ki, Ərdoğan hakimiyyətdə qalmasın və onlar da istədikləri kimi hərəkət etsinlər. Bundan ötrü hər şeyə gedəcək, hər cür şərəfsizliyə əl atacaqlar”. 

Rüfət Sultan