Ölkə 14:41 10.08.2022

Səfər Mehdiyevin avtomobilini saxlayan polislər işdən çıxarılıb? (YENİLƏNİB)

Daxili İşlər Nazirliyi (DİN) Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polisi əməkdaşlarının sərəncama götürülməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

DİN-in mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Qaynarinfo-ya bildirib ki, polis əməkdaşlarının işdən çıxarılması ilə bağlı iddialar əsassızdır.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən videogörüntülər yayılıb. Görüntülərdə Səfər Mehdiyevin avtomobildən enərək polislərlə yüksək səs tonu ilə danışdığı əks olunub.

Qeyd edək ki, bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi "Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib.

Bu gün isə həmin yol polislərin daxili işlər orqanlarından xaric olunması ilə bağlı məlumatlar yayılmışdı.

13.31
 
Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polisləri ilə bağlı yeni xəbər var.

Sfera.az-ın əldə etdiyi məlumata görə, adlarını dəqiqləşdirə bilmədiyimiz sözügedən DYP əməkdaşları vəzifələrindən azad edilərək, sərəncama götürülüb.  

Məlumat üçün bildirək ki, bir neçə gün öncə Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi "Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib.

Özünü general-polkovnik Mehdiyev kimi təqdim edən Səfər Mehdiyevin onu saxlayan polisə "Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən?” dediyi görünüb.

Yol polisi isə ona "Cənab general, nömrədə yazılmır axı kimdir sürən?! Bizə deyiblər ki, siqnal olmaz” cavabını verib. Daha sonra Gömrük Komitəsinin sabiq rəhbəri avtomobilinə əyləşərək uzaqlaşıb.