Dünya 14:32 22.09.2022

Səfərbərliyə baxmayaraq, Ukraynanı qışda əksər ərazilərini azad edəcək - ISW

Putinin elan etdiyi səfərbərlik Ukraynanı bu qış işğal olunmuş ərazilərinin əksəriyyətini azad etmək imkanından məhrum etməyəcək, həm də çətin ki, Rusiya ordusunun Ukraynadakı döyüş qabiliyyətini böyük şəkildə artırsın, bu, yalnız itkiləri kompensasiya edəcək. 

Qaynarinfo xəbər verir ki, bu qənaətə Müharibə Tədqiqatı İnstitutunun (ISW) analitikləri gəlir.

"Rusiya prezidenti Vladimir Putinin "qismən səfərbərlik” elanı Rusiyanın Ukraynaya müdaxiləsi zamanı üzləşdiyi və Moskvanın yaxın aylarda çətin ki, həll edə biləcəyi bir çox problemləri əks etdirir. Putinin Rusiyanın "hazırlanmış” ehtiyatının bir hissəsinin, yəni icbari hərbi xidməti başa vurmuş şəxslərin səfərbər edilməsi barədə əmri bir neçə ay ərzində Rusiyanın əhəmiyyətli döyüş qüdrətini yaratmayacaq. Bu, Rusiya itkilərinin kompensasiyası hesabına 2023-cü ildə Rusiya silahlı qüvvələrinin sayının mövcud səviyyəsini saxlamaq üçün kifayət edə bilər, baxmayaraq ki, bu da hələ qeyri-müəyyəndir. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sentyabrın 21-də verdiyi müsahibədə dediyinə görə, bu, mərhələli şəkildə baş verəcək və bu, yəqin ki, müharibənin gedişatını kəskin şəkildə dəyişə biləcək hər hansı rus qoşunlarının qəfil axınının qarşısını alacaq. Beləliklə, Rusiyanın qismən səfərbərliyi Ukraynanı qışda işğal olunmuş ərazilərin böyük hissəsini azad etmək imkanından məhrum etməyəcək”.

ISW qeyd edir ki, Rusiyanın ehtiyatda olan hərbçiləri zəif təlim keçiblər və xidmət müddəti bitdikdən sonra yenidən hazırlıq keçmirlər.
 
Analitiklər yazır ki, ilkin dövrdən sonra yenidən hazırlığın olmaması zaman keçdikcə əsgərlərin qazanılmış bacarıqlarının deqradasiyasını sürətləndirir. "Şoyqu "döyüş təcrübəsi” olan ehtiyatda olan hərbçiləri çağırmaq niyyətinə toxunub, lakin hazırda Ukraynada xidmət edənlərdən başqa, çox az sayda ehtiyatda olan rusiyalının döyüş təcrübəsi var”, - ISW qeyd edir.

Nizami Bağırov