Zahir Əzəmət
Ölkə 12:27 14.05.2014

Sən buna yaşamaq deyirsən?

Zahir ƏZƏMƏT

Demokratiya, söz azadlığı, azad seçim kimi anlayışlar sənə yaddır. Çünki bütün bunlarla heç bir genetik bağlılığın yoxdur. Həm nağılların, həm atalar sözlərin, həm tərbiyə aldığın ailən sənə həmişə avtoritarizm aşılayıb. Nağıllarında şahını meydanda - bir quşun kiminsə daz başına qonmasıyla seçiblər, ya da vərəsə hüququ ilə...

Babaların deyib: "Allahsız yerdə otur, böyüksüz yerdə oturma», «böyüyə qulaq asmayan böyürə-böyürə qalar», «ağsaqqalın üzünə ağ olanın gözünə ağ gələr…” Hə də, sənin ağsaqqalların saqqallı diktatorlardır. Evdə atan da hər zaman diktatorluq eləyib. Sənin fikir bildirmək və ya öz arzularının dalınca getmək, öz səhvlərindən öyrənmək imkanın olmayıb. Hər dəfə atan lopa bığlarını gəmirə-gəmirə anana astaca deyib: «O gədəyə denən özünü yığışdırsın. Yoxsa…»

Sənin iqtidarın, müxalifətin dünənin kommunistləridir. Sənin xalqın da 15 il qabaq sovet xalqı adlanırdı. Səncə sənin iqtidarın, müxalifətin, xalqın bir gecənin içində yatıb-durub demokrat ola bilərdimi? Doğrudanmı buna inanırsan?

Bilirsənmi, səni də böyüyüb atana, babana oxşamaq perspektivi gözləyir?! Sən də öz oğlunun, qızının, arvadının hüquqlarını, səsini, sözünü boğacaqsan!  Sən də bu genetik mirası övladlarına ötürəcəksən! Doğrudanmı bunu istəyirsən?

Dədə Qrossun yaxşı bir sözü vardı: «Demokratiya humanitar yardım deyil». Yəni demokratiya nə yarımfabrikatdı, nə də sup paketi. Onu hazır qəlibdə gözləmə. Yaşamaq istədiyin ölkəni sənə kənardan heç kim gətirməyəcək. Onu özün doğmalısan. Məmməd Əmin demişkən, yoxdan yaratmalısan. 

… Qışqıra-qışqıra danışmağı tərgit. Başqasının fikrinə hörmətlə yanaş. Rüşvət vermə, rüşvət alma. Yalan danışma. Biganə qalma. Heç kimə nifrət etmə. Hətta düşməninin də haqqı tapdalananda onu müdafiə et. Nə oğluna, nə qızına, nə qardaşına, nə bacına, nə sevgilinə, nə dostuna öz fikrini zorən qəbul etdirmə. Yalnız özünün deyil, başqalarının da insan olduğunu düşün. Başa düş ki, onların da yaşamaq, fikir bildirmək, seçim etmək haqqı var. Hər kəs öz həyatını yaşamalıdır. 

Bütün bunları bacaracaqsanmı?..

Mən pessimist deyiləm, amma sən də dəyişmək istəmirsən. Bütün günü Rəqsanəyə, Baloğlan Əşrəfova qulaq asırsan. İşə, dərsə, şəhərə və hamama gedib-gələndə dodaqaltı «Sarı çiçəyim»i oxuyursan. Ətrafında baş verən bunca əclaflığa göz yumub dik gedirsən. Etiraz etməyə qorxursan. Başqaları bir yana, hətta öz haqqını tələb etməyə çəkinirsən. Deyirsən ki, ailəm var, uşağım var. Deyirsən ki, mənə bir şey olsa, onlara kim baxacaq. Amma bilmirsən ki, uşaqlarına təkcə səfaləti, avtoritarizmi deyil, qorxaqlığı, mütiliyi, genetik qısırlığı, xəstə təfəkkürü və s. bu kimi bir kamaz problemi də miras qoyursan. 

Dünyaya qarnından, ya da paçandan baxırsan. Ürəyin, beynin yoxdur. Bığın var, azadlığın yoxdur. Qalstukun var, ədalətin yoxdur. Qorxun var…

Sən buna yaşamaq deyirsən?

"Alma" qəzeti 

№ 003  01 - 07 oktyabr, 2006-cı il