Dünya 12:07 14.03.2023

Serb nazir hakimiyyəti Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırdı

Serbiya dərhal Rusiyaya qarşı sanksiyalar tətbiq etməlidir.

Qaynarinfo xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Rade Basta bildirib.

Onun sözlərinə görə, respublika Ukraynadakı müharibə ilə bağlı qəbul edilmiş beynəlxalq məhdudiyyətlərə qoşulmaqdan imtina etdiyi üçün "artıq yüksək bədəl ödəyir”.

Basta qeyd edib ki, Serbiyaya təzyiqlər "dözülməz olur” və ölkə iqtisadiyyatı üçün ciddi mənfi nəticələrə səbəb ola bilər. "İqtisadiyyat naziri kimi mən Serbiya prezidenti Aleksandar Vuçiçə təzyiqləri görürəm və susmağımızı qəbul edə bilmirəm. Bu səbəbdən mən Rusiyaya qarşı sanksiyaların tətbiqinin tərəfdarıyam, dövlət və milli maraqların qorunmasında prezident Vuçiçi dəstəkləyirəm və ona tam güvənirəm”, - deyə o vurğulayıb və nazir yoldaşlarını bu məsələdə səsini çıxarmağa çağırıb.

Xatırladaq ki, martın 10-da Vuçiç bildirib ki, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyinə and içə bilməz. Eyni zamanda o, Serbiyanın Ukraynadakı müharibəni pisləməklə öz mövqeyini açıq şəkildə ifadə etdiyini xatırladıb. Bundan əlavə, Serbiya prezidenti Ukraynada Rusiya tərəfindən döyüşmək üçün "Vaqner” özəl hərbi şirkətinə qoşulmağa qərar verən serblərə qarşı tədbir görəcəyini vəd edib.

Nizami Bağırov