Siyasət 14:54 28.11.2022

Serbiya prezidenti Bakıya hansı təkliflərlə gələcək?

Azərbaycan Prezidenti İlham Əliyevin Belqrada səfəri zamanı keçirilən mətbuat konfransında Serbiya prezidenti Vuçiç bildirib ki, yaxın 20 günə Bakıya səfər edəcək: 

"Biz müzakirələri davam etdirəcəyik. Bizim üçün olduqca əhəmiyyət kəsb edən bir neçə məsələni müzakirə etmək üçün qarşıdakı 20 gündə mənim Bakıya, Azərbaycana qeyri-rəsmi, lakin mühüm səfərim gözlənilir”. 

Prezidentin açıqlamasına görə onu Bakı səfərində hökumətin bir neçə naziri də müşayiət edəcək. Serbiya  liderinin bu açıqlaması onu deməyə əsas verir ki, Bakıda iki ölkə arasında hansısa mühüm bir sənəd imzalanacaq. 

Qaynarinfo-ya açıqlamasında səfərin məqsədini dəyərləndirən ReAL-ın icra katibi Natiq Cəfərli bildirib ki, Bakı öz neftini Serbiyada emal etməklə dünya bazarına çıxaracaq: 
 


"Güman ki, Vuçiçin Bakıya səfəri çərçivəsində ilk növbədə enerji məsələləri müzakirə ediləcək. Azərbaycanın Serbiya ilə enerji sahəsində ciddi  əməkdaşlıq edir. Serbiya prezidentinin Bakıya səfəri çərçivəsində Azərbaycandan bu ölkəyə qaz satışının artırılması, Serbiya ərazisindəki müasir neftayırma zavodunda Bakı neftinin emal edilərək, dünya bazarına çıxarılması məsələləri öz həllini tapacaq. Bakı səfəri fonunda bu istiqamətdə irəliləyişlərin ola biləcəyi gözləniləndir. 

Həmçinin, vizasız gediş-gəliş, Belqradla Bakı arasında birbaşa uçuşların təşkili istiqamətində də yeni müqavilələrin imzalanacağı gözlənilir. İki ölkə arasında hazırda ticarət dövriyyəsi o qədər də yüksək deyil. Amma onu potensial olaraq azı iki dəfəyə qədər artırmaq olar. Güman ki, Vuçiçin Bakıya olacaq səfəri zamanı məhz dediyim məsələlər ətrafında fikir mübadiləsi aparılacaq və müəyyən sənədlər imzalanacaq”. 

Rüfət Sultan