Eduard Səid
Sənət 14:16 26.01.2021

Şərqlilər - "Sədaqətlə yaltaqlanmağa hazır, hiyləgərlikdə usta, heyvanlara qarşı amansız…”


Birinci hissə

ORİENTALİZMİN HEKAYƏSİ

I - "ŞƏRQ"Ə AİD OLANI TANIMAQ

13 iyun 1910-cu ildə Artur Ceyms Balfur "Millət Məclisi"ndə "Misirdə həll etməli olduğumuz problemlər" adlı bir nitq söylədi. "Onlar Vayt adasında, yaxud Yorkşirin qərb sahilində qarşılaşdığımız problemlərlə eyni xarakterli deyillər”, - dedi. Uzun müddət millət vəkili olan birinin səs tonunda danışırdı. Lord Solsberinin keçmiş şəxsi katibi, İrlandiyanın, Şotlandiyanın keçmiş naziri, sabiq Baş nazir, hər cür böhranın öhdəsindən gəlmiş, dövlətin xarici siyasətində söz sahibi olan bir adam başqa cür ola da bilməzdi... İmperatorluğun siyasətini yürütdüyü ərəfədə Balfurun xidmət etdiyi  hökmdar 1876-cı ildə Hindistan kraliçası elan edilmişdi. Balfur, Zulus xalqı və əfqanlara qarşı aparılan müharibələr, ingilislərin 1882-ci ildə Misirə təcavüzü, General Qordonun Sudanda ölümü, Fakoda basqını, Omdurman müharibəsi, Boer münaqişəsi, Rus-Yapon qarşıdurması kimi bir çox dünya hadisəsindən ən çox xəbərdar olan və bu hadisələrə təsir göstərəcək mövqeyə sahib bir adamdı. Üstəlik, Artur Ceyms Balfur yüksək sosial bacarıqları, məlumatlarının zənginliyi və incə zəkası ilə eyni zamanda həm Berqson, həm də Hendel haqqında yazı yaza biləcək gücü olan biri idi. Nə fəlsəfədə, nə də siyasətdə bacara bilməyəcəyi bir məsələ yox idi. İton və Kembricin Triniti Kollecində qazanığı biliklər, daha sonra imperatorluğun xidmətində əldə etdiyi əlçatmaz uğurlar, avtoritetinin ən uca zirvələrə qədər qalxmasında ona çox kömək etmişdi. Ancaq Balfurun çıxışında daha bir məqam var idi; yüksək əxlaqi dəyərlərə malik bu son dərəcə ibrətamiz nitqdə bəzi şeylərin aşkarca gizlədilməsi hiss olunurdu. Əslində, bəzi millət vəkilləri "İngiltərənin Misirdəki varlığını tənqid edirdilər”. Bu mövzu Alfred Milnerin 1892-ci ildə yazdığı həyəcan dolu kitabda dərindən araşdırılıb və müsbət nəticələrə gəlinmişdi. Ancaq o an üçün problem bu deyildi. Misir bir müddətdir ki, "millətçilik" dalğası ilə titrəyirdi. Ölkənin idarəçiliyi gücləndirilmişdi. Buna görə də İngiltərə bu faydalı torpağı birbaşa işğal etməli idi. Lakin İngiltərənin Misir üzərindəki israrlı mövqeyi asanlıqla müdafiə olunacaq davranış deyildi. Balfur belində ağır bir yük daşıyırdı. Əvvəlcə məlumat verəcək, sonra səbəblərini irəli sürəcəkdi. 

Ceyms Balfura qarşı ilk müqavimət göstərən Taynsaydlı millət vəkili J.M. Robertson oldu. Taynsaydın təmsilçisi dedi: Hansı haqla "Şərqlilər” adlandırmağı uyğun bildiyiniz bu insanlara qarşı üstün olduğunuzu iddia edirsiniz?.." "Şərqli" sözü əvvəllər Çoser və Mandevil, Şekspir, Drayden, Papa və Bayron tərəfindən də istifadə edilib ənənə şəklini almışdı. Bu söz coğrafi, əxlaqi və mədəni baxımdan Asiyanı və ya Şərqi əhatə edirdi. Avropada şərqli şəxsiyyətindən, Şərq atmosferindən, Şərq nağılından, Şərq despotizmindən və ya Şərq tərzi istehsal formalarından söz düşərkən başa düşülməmək mümkün deyildi. Marks da bu sözü istifadə etmişdi,  indi də Balfur istifadə edirdi. Məqsəd açıq və aydındı. Heç bir izahat tələb etmirdi:
 "Heç bir üstünlük sərgiləməmək iddiasında deyiləm. Ancaq Robertson və başqalarına müraciət edirəm: Zehinlərində tarix haqqında kiçikcik bir məlumat varsa, İngiltərənin Misir xalqı və ya Şərqdəki digər böyük irqlər üzərində həqiqətən üstünlüyünün yaratdığı problemlər ucbatından bir ingilis dövlət xadiminin yaşadığı çətinlikləri anlamağa çalışsınlar... Misir sivilizasiyasını digər sivilizasiyalardan daha yaxşı bilirik. Ona başqalarından daha yaxınıq. Onun haqqında çox şey bilirik. Bizim irqimiz hələ tarixdən əvvəlki dövrlərdə yaşadığı vaxtlarda Misir sivilizasiyası qızıl çağını geridə qoymuşdu. Bütün Şərq ölkələrini göz önündə canladıraq. Üstünlük və ya gerilikdən danışmayın”. 

Bu sözlərdə və daha sonra deyiləcəklərdə iki əsas mövzu diqqət çəkir: Bunlar Bekonist mövzulardır; "məlumat və güc". Balfur Misirin ingilislər tərəfindən işğal edilməsinin vacib olduğunu iddia edərkən, ağlındakı üstünlük anlayışı Misir haqqında "özlərinin" bildikləri şeylərlə qaynayıb-qarışmışdı. Belə ki, İngiltərənin üstünlüyü yalnız hərbi və iqtisadi üstünlük deyildi, eyni zamanda bir mədəniyyətin təməlindən, qızıl çağından və süqutundan xəbərdar olmaq idi. Ümumi bir fikir sahibi olmaq və təbii ki, bu sivilizasiyanı yenidən qura bilməyi bacarmaq demək idi. Balfur üçün "bilgi" gündəlik ehtiyacları aşmaq idi. Yad və uzaqda olana çatmaq üçün özündən çıxmaq, özünü aşmaq idi. Bu cür bilginin obyekti təbii olaraq yoxlanılacaq, bu obyekt bir reallıq olacaqdır. Elə bir reallıq ki, inkişaf etdikdə dəyişəcək və ya sivilizasiyalarda tez-tez olduğu kimi, istilalara məruz qalacaq, amma yenə də yaradıldığı gündən bəri daxili strukturu ilə (təməl olaraq) sabit qalacaqdır. Bir şey haqqında belə bir məlumata sahib olmaq, ona hakim olmaq, üzərində  söz sahibi olmaq, üzərində hakimiyyət qurmaq deməkdir. Burada "bizim" hakimiyyətimiz demək, "onun" (Şərq ölkəsinin) azadlığının olmaması deməkdir. "O"nu biz öyrənmişdik və "o”, buna görə mövcudluğunu qoruyurdu. Beləliklə də, ancaq bizim "bildiyimiz şəkildə" mövcud olmağa davam edəcəkdi. Balfur üçün "Misir" demək "İngiltərənin öyrəndiyi və bildiyi Misir" demək idi. Balfur bu həqiqətin bütün ağırlığını çiyinlərində daşıyırdı. Üstün və ya zəif olmaq problemin yalnız bir hissəsi idi. Nə İngiltərənin üstünlüyü, nə də misirlilərin geriliyi Balfurun mövzuları arasında vardı. Bunlar onun üçün çantada kəklik idi, "bilginin" nəticə olaraq üzə çıxacaqdı. 

Balfur davam etdi: "Əvvəlcə hadisələri araşdıraq. Qərb xalqları tarixin səhnəsinə çıxdıqları andan etibarən "özləri özlərini idarə etmək" bacarıqlarını sübut etdilər. Çünki buna layiq olacaq qədər güclü idilər. Sözün geniş mənasında Şərq adlanan bütün bölgələri başdan-başa dolaşaraq şərqlilərin tarixini gözdən keçirsəniz, (Self-Govemment), "özünüidarəetmə" prinsipinin ən kiçik bir izini belə tapa bilməzsiniz. Həqiqətən, əzəməti ilə seçilən bütün keçmişdəki böyük əsrlər despotizm və mütləq gücün işidir. Fatehlər fatihləri təqib edib, üstünlüklər üstünlüklərə qalib gəlib, lakin heç bir dövrdə, heç bir inqilabi hərəkatda nə əvvəldə, nə də sonda bu xalqların heç biri Qərbdə "özü-özünü idarəetmə" dediyimiz şeyi, yəni öz müqəddəratını təyinetmə fikrini ağıllarına belə gətirməyiblər. Bu, bir həqiqətdir. Üstünlük və ya gerilik məsələsi deyil. Düşünürəm ki, həqiqi bir Şərq müdriki bizim Misirdə və başqa yerlərdə öhdəlik götürdüyümüz hökumət işlərinin bir düşünürə layiq iş olmadığını,  bunun bir toz-torpaq, palşıq işi olduğunu, zərurətə xidmət etmək olduğunu deyəcək”. 

Bütün bu hadisələr şəksiz həqiqət olduğu üçün Balfur fərziyyələrinin ikinci hissəsinə bu şəkildə keçəcək deməkdir: "Bu böyük millətlər üçün - mən onların böyüklüyünü qəbul edirəm - mütləq hakimiyyətin bizim tərəfimizdən həyata keçirilməsi yaxşıdımı? Məncə, yaxşıdır. Təcrübə göstərir ki, yaxşı bir hakimiyyət uzaqda ola bilər. Dünya tarixi bunun nümunələri ilə doludur. Belə bir vəziyyət təkcə onların özlərinə deyil, həm də bütün Qərb sivilizasiyasına fayda gətirəcəkdir. Misirlilərin mənafeyi naminə Misirdə olsaq da, yalnız Misiri düşünmürük; eyni zamanda bütöv Avropanı da düşünürük". 
Balfur çıxışının heç bir hissəsində istər misirlilərin, istərsə də "birlikdə yaşadıqları digər irqlərin" bu birlikdəlikdən nə anladığına dair bir işarə belə vermədi, bu müstəmləkə idarəçiliyinin faydası məsələsində onların öz fikirlərinin olub-olmamasından heç danışmadı. Balfurun fikrində sözü misirlilərə vermək də yox idi. Necə ki, bir az sonra danışa bilən bütün misirlilər Balfurun dilində "çətinliklər yaratmağa çalışan təhrikçilər" adlanacaq və xarici işğalın yaratdığı çətinliklərə gözlərini yuman bütün misirlilər "yaxşı misirlilər" adını qazanacaqdılar. Beləliklə, etik məsələləri kökündən həll edən Balfur praktik məsələlərlə məşğul ola bilərdi. Baş nazir nitqinə aşağıdakı sözlərlə davam edirdi: 

"İdarəetmə bizim işimizdirsə, minnətdarlıq etsələr də, etməsələr də, bunu unutmamalıdırlar; xalqın üzərindəki bütün əngəlləri biz aradan qaldırdıq. (Balfur Misirin müstəqilliyinin ləğv edilməsini və ya bir müddətliyinə ondan imtina olunmasını əngəl hesab etmirdi.) Əgər onlara verdiyimiz bütün üstünlükləri qiymətləndirmək istəməsələr, o zaman vəzifəmizi necə yerinə yetirəcəyik?

İngiltərə bu ölkələrə "gətirə biləcəyinin ən yaxşısını gətirir". İngiltərə rəsmiləri vəzifələrini tam şəkildə yerinə yetirirlər. Başqa bir dindən, başqa bir irqdən, başqa bir sistemdən və başqa bir həyat tərzindən gələn on minlərlə ingilis dövlət məmuru yerlilər üçün işləyir. Bu məmurlar sayəsində idarəetmədə heç bir çətinlik yoxdur. Çünki öz ölkələrində etdikləri hər şeyi dəstəkləyən bir hökumətə sahib olduqlarını bilirlər... 
 


"... yerli xalq birbaşa və instinktiv olaraq qarşılarındakı şəxslərin, onları oryaa göndərən ölkənin gücünü, səlahiyyətlərini, sevgisini, tam dəstəyini daşımadığını sezincə, o xalq öz mədəniyyətlərinin təməlindəki nizam-intizam duyğusunu itirdiyi kimi,  bizim məmurlarımız da oradakı insanlar üçün edə biləcəkləri hər şeyin kökündə yatan o qüdrət və hakimiyyət (söz sahibliyi) hissini itirirlər...

Balfurun məntiqi olduqca maraqlıdır. Nitqinin davamı əvvəlində irəli sürdüyü iddalarla tam uyğun gəlir. İngiltərə Misiri tanıyır; Misir İngiltərənin bildiyi nəsnədir; İngiltərə bilir ki, Misirdə özü-özünü idarə edəcək bir hökumət olmayacaq; İngiltərə Misiri işğal etməklə bunu təsdiqləyir; Misirlilər bu həqiqəti görürlər; İngiltərənin Misirə gələrək onu idarə etməyə başladığını başa düşürlər; bu halda xarici işğal, o dövrdə yaşayan Misir sivilizasiyası üçün "təməl bir həqiqət" olur. Nəticədə Misir İngiltərə sivilizasiyasına ehtiyac duyur və ingilislər Misiri işğal edirlər...  Ancaq əgər idarə edən İngiltərə ilə idarə olunan Misir arasındakı kövrək tarazlığı İngiltərə Parlamentinin özü pozarsa... O zaman üstün irqin - məncə, həmişə də üstün olması vacib olan irqin – hakimiyyəti zədələnmirmi? Bu məqamda yalnız İngiltərə deyil, İngiltərənin idarə olunan ölkədə xidmət edən bir yığın məmuru da əziyyət çəkəcək. "Axı onlar düşünə bildiyiniz qədər parlaq, çox ali hisslərə və xarakterlərə sahib, ağlınıza gəlməyəcək qədər yüksək düha və zəka dərəcələrinə çatmış şəxslərdir və belə bir vəziyyətdə, sadəcə, İngiltərənin deyil, bütün mədəni dünyanın onlara yüklədiyi böyük vəzifəni artıq yerinə yetirə bilməyəcəklər".

Balfurun nitqi bir ritorika nümunəsi kimi qəbul edilərsə, bu nitqi söyləyən şəxsin müxtəlif tipləri yaratmaq ustalığı diqqəti cəlb edəcəkdir. Balfur sıradan biri deyil və  bir güc təmsilçisi sifəti ilə bütün çəkisini ortaya qoyaraq "Biz" əvəzliyindən istifadə edərkən, şübhəsiz, bir  "İngilis" kimi davranır. Özünü ölkəsinin və tarixin yetişdirdiyi ən qabaqcıl insan kimi görür. Balfur, eyni zamanda mədəni dünya, Qərbdə və Misirdə sayları çox olmayan müstəmləkə üsul-idarəsi rəsmiləri adından da danışa bilər. Birbaşa misirlilərin adından danışmırsa, bu, hər şeydən əvvəl onların dilini bilməməsindəndir. Buna baxmayaraq, onların nə hiss etdiklərini bilir, çünki onların tarixi haqqında kifayət qədər fikir sahibidir. Misirlilərin onun kimi adamlara ehtiyacı olduğundan və gözləntilərindən xəbərdardır. Balfur misirlilərin adından danışarkən, əmindir ki, onlara suallar verilsə, onun dediklərini təsdiqləyəcəklər. Çünki bütün bunlar əvvəllər də deyilib. Bu, bir həqiqətdir. Bu həqiqət qarşısında misirli arxa planda qalır. Vacib olan misirlini yaxşı tanıyan Üstün bir irqin onu idarə etməsidir. Bu irq misirlilər üçün yaxşı olmasını özlərinin belə düşünə bilməyəcəkləri qədər perespektivli düşünür və lazım olanı edir. Misirin qızıl dövrü artıq geridə qalıb. Yaşadığımız dövrdə, müasir imperiyalar qədimdəkiləri düşdükləri səfalətdən qurtaracaq və orada yaşayanlar məhsuldar müstəmləkələrin yenidən doğulan xalqları olaraq bəşəriyyətə qazandırılacaqlar. 

Misir Balfura bu baxımdan misilsiz bir nümunə təqdim edir. Bu səbəbdən Balfur bir parlament nümayəndəsi olaraq istər İngiltərə, istər Qərb və Qərb Sivilizasiyası adından Misir haqqında danışmağa haqqı olduğunu çox yaxşı bilirdi. Əslində, Misir digərləri kimi bir müstəmləkə deyil. Qərb imperializminin haqlılığının bir təsdiqləyicisidir. İngiltərə hökmranlığına qədər Misir Şərq geridəqalmışlığının klassik bir təmsilçisi idi. İndi İngiltərənin "məlumat və güc" prinsipinin təntənəsini yaşayacaqdı. İngiltərə Misiri işğal edərək polkovnik Ərəbinin milliyyətçi müqavimətinə son qoyduğu 1882-ci ildən 1907-ci ilə qədər Misirdə İngiltərəni Lord Kromer (eyni zamanda "Təkəbbürlü Berinq" kimi  də tanınır) təmsil etmiş və bu ölkənin yeganə hakimi olmişdu. 30 iyul 1907-ci ildə İcmalar Palatasında etdiyi çıxışında Balfur, Berinqə Misirdəki xidmətləri üçün təqaüd olaraq əlli min ingilis funt-sterlinqi verilməsini təklif edərkən onun haqqında bunları deyirdi: 

"Əlini nəyə vurdusa, uğur qazandı... Lord Kromerin son iyirmi beş ildə Misirə etdiyi xidmətlər bu ölkəni sosial və iqtisadi böhrandan çıxardı və onu Şərq xalqları arasında maddi və mənəvi cəhətdən ən qabaqcıl mövqeyə yükslətdi..."

Balfur Misirin mənəvi inkişafının necə ölçüldüyü barədə məlumat vermədi. Əslində, İngiltərənin Misirdəki investisiyaları digər Afrika ölkələrindəki investisiyalarına bərabər idi. İngiltərə hər yerdə olduğu kimi, Misirdə də bərabər şərtlərdə bölüşdürülmüş olmasa da, maddi zənginliyi rahatlıq və barışın təməl şərti sayırdı. Ancaq bu ölkələrdə həqiqətən narahatedici olan Qərbin davamlı olaraq qoruduğu diktatorluq sistemi idi. İngiltərədən gələn saysız-hesabsız alim, missioner, iş adamı, əsgər və müəllim bu sistemi davam etdirmək üçün canla-başla çalışır, Kromer və Balfur kimi yüksək rütbəli dövlət məmurları isə piramidanın ən üst nöqtəsini təşkil edirdilər. Bu adamlar üçün yerdə qalanlar Misiri yaradan, idarə edən və hətta bəzi hallarda Şərq bataqlığından bugünkü nümunəvi rifaha qovuşduran şəxslər idilər. İngiltərənin Misirdəki uğurları, Balfurun dediyi kimi, əlçatmaz uğurlardan olsa da, izahı mümkünsüz və həqiqətdən uzaq heç bir tərəfi yox idi. Misir bir ucu Balfurun Şərq sivilizasiyaları haqqında ümumi baxışlarına, digər ucu isə Kromerin Misirdəki gündəlik proqramlarına əsaslanan ikibaşlı ümumi nəzəriyyəyə əsasən idarə olunurdu. Bu nəzəriyyə ən kəskin çağını 1900-1910-cu illər arasında yaşadı. Balfurun fikri mümkün qədər sadələşdirildi, aydınlıq və dəqiqlik qazandı və anlaşılması asanlaşdırıldı. Ortada qərblilər və şərqlilər var idi... Birincilər hegemonlar; ikincilər, üzərlərində hegemonluq tətbiq edilənlər idilər. Başqa sözlə desək, ölkələri işğal edilənlər, daxili işlərinə ciddi şəkildə nəzarət olunanlar, həyatları və mülkləri bu və ya digər Qərb gücünün sərəncamına verilənlər. Balfur və Kromerin insanlığı düşdüyü səfalətdən tez bir zamanda çıxarmaq, onu mədəni və irqi baxımdan mahiyyətinə qaytarmaq istəyi öz-özlüyündə bir uşaq istəyi deyildi. Bu həqiqəti sonra daha aydın izah etməyə çalışacağıq. Sözügedən doktrin meydana gəldiyi andan etirabən böyük bir güc hesabına tətbiq olundu və olduqca geniş miqyasda nüfuz qazandı. 

Balfurun Şərqlə bağlı tezislərinə, ümumilikdə, obyektivlik iddiası xas idi. Bunların əsas mənbəyi Kromerin fikirləri idi. Kromer əvvəlcə Hindistanı, daha sonra iyirmi beş il Misiri idarə etmişdi. O dövrdə İngiltərənin böyük dövlət xadimi adını qazanmışdı. Balfurun "şərqliləri" Kromerin "xidmətçiləri" idilər. Bu mövzu Kromerin 1908-ci ildə "Edinburq icmalı"nda" nəşr olunan böyük bir məqaləsində yer aldı. "Xidmətçiliyə" layiq irqləri və ya "şərqliləri" asanlıqla və faydalı bir şəkildə idarə etmək üçün "məlumata" ehtiyac olduğu, gücü yaradan fenomenin "məlumat"a əsaslandığı, daha böyük bir gücün isə daha çox "məlumata" ehtiyac duyduğu və s. bu məqalədə bir daha qeyd olunmuşdu. Məqalədə "Məlumat və nəzarət" mövzusunda xüsusi bir dialektika hazırlanmışdır. Kromerə görə, Britaniya İmperiyası vətəndə militarizmin və ticari eqoizmin qarşısını aldığı, (İngiltərənin "Xristian Əxlaq Qanunu” çərçivəsində idarəetməsinə qarşılıq) müstəmləkələrdə isə "azad qurumlara” haqq tanımadığı müddətcə yaşaya biləcək. Kromerə görə, məntiq "şərqlinin varlığının tamamilə inkar etdiyi bir şey" idi. Şərq insanı ona çox üstün elmi dəyərlər öyrədilməklə idarə edilə bilməzdi və ya ondan bu dəyərləri qəbul etməsini istəmək yersiz idi... Ən yaxşısı, onun sərhədlərini tanımaq və geridəqalmaşlığını şüurlu şəklidə qəbul edərək idarə edənlə idarə olunan arasındakı ən faydalı münasibəti özünün tapmasına şərait yaratmaqdı. Hiss olunmadan "xidmət üçün hazırlanan" xalqın arxasında və hər yerdə İmperiyanın gizli gücü vardı. Bu gücün mənbəyi İngiltərənin əsgərləri, sərt məmurları və hüdudsuz imkanları deyil, vəziyyəti anlamaq üçün göstərdiyi incə davranış və ortalıqda həddən artıq görünməməsi idi. Bir sözlə, İmperiya necə davranacağını bilirdi. Eqoist görünməməyə çalışaraq ədalətsiz qazanc istəklərini gizlədəcək və mülayim nizam-intizam qaydaları tətbiq edərək səbirsizliyini gözdən uzaq saxlayacaqdı. 

"Ticarət ruhunun nəzarət altında saxlanılmasının lazım olduğunu iddia edərkən nəyi nəzərdə tutduğumu daha aydın izah etməliyəm: Hindistan, Misir, Şilluk və ya Zulus xalqları ilə işləyərkən, ilk növbədə, bu xalqların milli hisslərlə yaşadığını unutmamalıyıq. Bu insanlar "in statu populari" (uşaq dünyagörüşü) anlayışı ilə çox da dərindən düşünmədən öz mənfəətlərini güdürlər. Ancaq bu, bir həqiqətdir ki, hər halda, son qərar verməzdən əvvəl bizimlə məsləhətləşmələri faydalıdır. Elm işığı, Qərb təcrübəsi, yerli həqiqətlərlə təchiz olunmuş sağlam düşüncə yalnız bu cür davranışın nəticəsində onlara xidmət edə biləcəkdir. Bütün qəlbimizlə yerlilərin yaxşı olmasını istəyirik. İngilis milləti üçün heç bir real və ya xəyali mənfəət düşüncəsində deyilik.Yaxud əksər hallarda olduğu kimi, ingilis xalqına məxsus bu və ya digər nüfuzlu təbəqənin mənafeyini da düşünmürük. İngilis millətini bir bütün olaraq qəbul etsək, bu prinsipə necə diqqətlə yanaşdığını və qətiyyətlə tətbiq olunmasını istədiyini görəcəyik. İrqi üstünlüklər və ya dil birliyi üzərində millətçilik hissini inkişaf etdirə bilmirək. Ancaq yüksək istedadlara bəslənən hörmət, davranış bərabərliyi və gələcəyə güvən hissi ilə, bəlkə də, kosmopolit bir bərabərlik anlayışı yarada biləcəyik. Misirlinin öz taleyini gələcəkdə peyda ola biləcək bir Ərəbiyə təslim edərkən çəkingənlik göstərəcəyinə ümid etmək olar. Hətta Orta Afrika vəhşiləri belə sonunda ingilis məmurun təmsil etdiyi "Astraea Redux”  (Kral II Çarlzın yeni rejiminə həsr olunmuş ingilis mahnısı) haqqında xalq mahnısını öyrənməyə qərar verə bilərlər. Bu gün ingilis məmurunun simasında görünən "Redux”, bəlkə, yerli sakinin cin içməsinə icazə verməyə bilər; ancaq ona mütləq ədalət verəcəkdir. Bütün bunlardan isə yalnız ticarət faydalanacaqdır. 

İdarə edən hansı şərtlər daxilində "xidmətçi irqlərin" təkliflərinə "Ciddi fikirlər" kimi yanaşa bilər. Kromerin Misir əyalətçiliyinə sərgilədiyi münasibət bunu bütün çılpaqlığı ilə ortaya qoyur. Kromer yerli müstəqil təşkilatların əleyhinədir. Xarici işğalın ləğvinə qarşıdır. Misirin özünü idarə edə biləcəyinə inanmır. Həmişə yerli sakinlərin ən haqlı istəklərini belə rədd edir. O, ardıcıl olaraq bunu iddia edirdi: "Misirin gələcəyi yalnız misirlini əhatə edən məhdud bir millətçilikdə deyil, çox geniş bir kosmopolitlik anlayışdadır". Xidmətçi irqlər özləri üçün nəyin dəyərli olduğu anlayışına sahib deyillər. Onların bir çoxu şərqlidirlər və Kromerin Hindistan və Misirdə uzun müddət təcrübəsi olduğundan onların xarakterlərini yaxşı bilir. Kromer şərqlilər üçün az-çox nəyin uyğun olduğunu dərk edir. Buna görə də onları idarə etmək, bəlkə, hər yerdə eyni şəkildə davranmağı tələb edir. Bu fenomen son dərəcə təbiidir; çünki şərqlilər hər yerdə eyni adamlardan fərqli biri deyillər. İndi, nəhayət, uzun araşdırmalardan sonra akademik və praktik biliklərin təməl nöqtəsinə gəldik...
 


Kromer və Balfurun bir əsrlik modern Qərb orientalizmindən əldə etdikləri miras şərqlilərin irqlərini, xarakterlərini, mədəniyyətlərini, tarixlərini, ənənələrini və sosial bacarıqlarını tanımaq idi. Bu bilik əsl bilik idi və Kromer indi bu bilikləri Misiri idarə etmək üçün istifadə edəcəkdir. Üstəlik, bu "bilik" bu cür praktik sahədə meydana çıxır və dəqiqliyi sübut edilirdi. Şərqlilərin gündəlik ehtiyacları içindəki platonik xarakterləri bütün orientalistlərin və Şərqi idarə edənlərin gözləri önündə sərgilənirdi. Hamı həqiqəti görür, başa düşür və bir-birinə göstərə bilirdi. Kromer Misirdə apardığı təcrübələr və uğurlar haqqında yazdığı iki cildlik "Modern Misir" əsərinin 34-cü fəslində öz şəxsi fikirlərini bir şərqşünas alim ədasıyla təqdim edirdi: 

"Sir Alfred Layl bir gün mənə dedi: "Konkretlik şərqli başı üçün nifrətə layiq bir şeydir. Bir anqlo-hindli bunu heç vaxt unutmamalıdır...” Asanlıqla böyük səhvlərə yol aça biləcək bu konkretlik yoxluğu, əslində, Şərq zehninin ümumi xarakteridir. 

Avropalı konkret düşünür. Məsələləri aydın şəkildə ortaya qoyur. Məntiqi öyrənməsə belə anadangəlmə məntiqlidir. Mahiyyət etibarilə şübhəçidir  və bir təklifin doğruluğunu qəbul etməzdən əvvəl dəlil tələb edir. Həmişə canlı olan zəkası bir mexanizm kimi işləyir. Şərq beyni isə  ölkəsinin pitoresk görüntüləri kimi ən yüksək səviyyədə simmetriya hissindən məhrumdur. Düşüncə sistemi nizamsız və dağınıqdır. Ərəblərin əcdadları dialektika elmini ən yüksək səviyyəyə qaldırsalar da, onların nəvələri ən dar mənada düşünmək qabiliyyətindən məhrumdurlar. Əhəmiyyətini qəbul etdikləri ən sadə təkliflərin belə nəticəsi barədə düşünməkdən uzaqdırlar. Hər hansı bir misirliyə asan bir sual verin. Cavabları, ümumiyyətlə, çox uzun və qaranlıq olacaq. Danışdığı hekayəsinin axırına çatana qədər öz-özüylə dönə-dönə zidd düşəcək. Arada kiçik bir sual versəniz caşıb qalacaq".  

Bundan sonra Kromer şərqliləri və ərəbləri "taqət və təşəbbüs yoxsulu" adamlar adlandırır, onları "sədaqətlə yaltaqlanmağa hazır", intriqa və hiyləgərlikdə bacarıqlı, heyvanlara qarşı amansız insanlar kimi xarakterizə edir. Kromerin fikrincə, şərqli nə düz yolda, nə də səkidə yeriyə bilir. Dağınıq düşüncəsi, yolların və səkilərin yerimək üçün düzəldildiyini dərhal anlayan Avropa zəkasının qırağına belə çata bilmir. Şərqlilər mükəmməl yalançılardır. Onlar hərəkətsiz və kədərlidirlər. Bir sözlə, onlar Anqlo-Sakson irqinin açıqfikirliliyi, doğruluq və nəcibliyi ilə ziddiyyət təşkil edirlər. 

Kromer idarə etdiyi İngilis müstəmləkələrində şərqlilərin onun üçün insanlıq aləti olmaqdan başqa bir işə yaramadıqlarını gizlətməyə belə ehtiyac duymur. Kitabında belə yazır: "Bir diplomat və bir məmur olduğum üçün məndən ötrü ən vacib şey insandır... Bu səbəbdən idarəçiliyə gəlincə, yalnız bunu deyə bilərəm ki, nə şəkildə olur-olsun bir şərqli əməl, söz və düşüncə baxımından bir avropalıdan tamamilə fərqlidir… " Kromerin baxışları təbii olaraq öz müşahidələrinə əsaslanır. Bu yerdə Ernest Renan və Konstantin de Volney kimi şərqşünaslığın əsl ustalarından da yararlandığı iddia edilə bilər. Hər halda, düşüncələrini gücləndirmək üçün onlara ehtiyac hiss edib. Kromer bu şərqşünasların şərqlilərin niyə belə olduqları barədə söylədikləri fikirlərini də reallıqla əlaqələndirir. Bir sorğu zamanı heyrətə düşən bir misirlinin şəxsində bütün Şərqin günahkar olduğunu iddia etməkdən bir an belə çəkinmir. Hətta Şərqmərkəzli bütün "Bilik" xəzinəsinin də onun fikirlərini təsdiqləyəcəyindən əmindir... Kromer görə: "Şərqlinin günahı bir şərqli olmaqdır, buna görə də deyildiyi kimi, ondan avropalı məntiqi və simmetriya duyğusu gözləmək olmaz..." Beləliklə, Kromerin düşüncəsində şərqli davranışının heç bir xüsusiyyəti təbiətə uyğun deyil. İngiltərəni Misirdə təmsil edən ən yüksək məmurunun ölkəsinə göndərdiyi son illik hesabatda aşağıdakı cümlələr vardı: "Misir millətçiliyi çox yeni bir məsələdir; yerli omaqdan çox, uzaq ekzotik ölkələrdən gələn əsrarəngiz bir bitkiyə bənzəyir..."

(ardı var)

Türkcədən uyğunlaşdıran Aqşin Yenisey