Dünya 17:59 24.10.2022

Si Cinpin üçüncü müddətə seçildikdən sonra yuan və Çin səhmləri çökdü

Bazar ertəsi günü Honq-Konqda yuan və Çin səhmləri 2008-ci il böhranından sonra ən aşağı səviyyəyə düşüb. 

Qaynarinfo xəbər verir ki, investorlar Çin sədri Si Cinpinin üçüncü müddətə (əslində qeyri-məhdud sayda seçilmək imkanına) seçilməsinə, Pekinin bazar əsaslı iqtisadiyyatın inkişafına marağın itməsinə və Çin Kommunist Partiyasının (ÇKP) rəhbər orqanlarına qatı Si tərəfdarlarının, o cümlədən COVID-19-a sıfır dözümlülük siyasətini dəstəkləyənlərin çoxunun seçilməsinə belə reaksiya verirlər.

Virusun yayılması ilə mübarizə üçün çoxmilyonluq şəhərlərdə karantin tətbiq edildiyi bu siyasət iqtisadi artımın yavaşlamasına səbəb olan amillərdən biridir.

"Bu, panik satışlardır. Aydındır ki, investorlar Çin iqtisadiyyatının gələcəyinə əmin deyillər", deyə Honq-Konqdakı "Kingston Securities”in analitik bölmənin rəhbəri Diki Von bildirir.

Keçən həftə ÇKP-nın 20-ci qurultayı zamanı Pekin izahat vermədən üçüncü rübdə ÜDM-də dəyişikliklərlə bağlı qrafik üzrə məlumatlarını dərc etmədi. Müşahidəçilər hesab edirdilər ki, bazar günü yarım əsrlik ənənənin ləğvinin rəsmi şəkildə təsdiqləndiyi qurultaydan heç nə diqqəti yayındırmamalı idi. Əgər indiyə qədər ölkə rəhbərliyi iki dəfə 5 illik öz vəzifələrini yerinə yetirməklə hər 10 ildən bir dəyişirdisə, dünən Si üçüncü müddətə seçildi.

Üstəlik, statistikləri sevindirəcək heç nə yox idi. Bazar ertəsi elan edildiyi kimi, ÜDM 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,8% artıb və bu, hökumətin cari il üçün 5,5% hədəfinə ziddir ki, bu da son 30 ildə ən aşağı göstəricidir.

Nəticədə bazar ertəsi bazar rekordları gününə çevrildi.

• Xarici investorlar tərəfindən Çin səhmlərinin xalis satışı 17,9 milyard yuan (2,5 milyard dollar) təşkil edib ki, bu da belə məlumatların toplanmasına başlanılan 2016-cı ildən bəri ən yüksək göstəricidir (hətta pandemiyanın əvvəlində belə bu rəqəm daha az idi).

• Honq-Konqda ticarət edilən Çin səhmlərinin daxil olduğu "Hang Seng China Enterprises” indeksi 7%-dən çox düşüb. Bu, 1994-cü ildən  - indeksin mövcudluğundan bəri Qurultayın ertəsi günü açıqlanan ən pis nəticədir.

• Materik yuanı 2008-ci ilin yanvarından bəri ən aşağı səviyyəyə düşüb - 1 dollar/7,259 yuan.

İqtisadiyyatın inkişafı artıq Çin rəhbərliyinin əsas məqsədi deyil. İqtisadiyyatın üzərində dövlət nəzarəti gücləndirilir, bazar iqtisadiyyatı tərəfdarları və texnoloji səriştəsi olan şəxslər rəhbər orqanlardan uzaqlaşdırılıb, Si öz gücünə arxalanmağa, öz texnologiyalarını və nou-haularını inkişaf etdirməyə, iqtisadiyyatda Qərblə az əlaqə saxlamağa və siyasətdə Qərbə qarşı çıxamağa çağırır və Tayvanı birləşdirmək arzusunu açıq-aşkar ifadə edir.

"Alibaba", JD.com, "Meituan" kimi ən böyük texnologiya şirkətlərinin səhmləri 11%-dən çox dəyər itirib. Çin rəhbərliyi iqtisadiyyatın inkişafında özəl sahibkarlıqdan daha çox dövlət şirkətlərinə arxalanan. Bu da, əlbəttə ki, investorları sevindirə bilməz.

Nizami Bağırov