Dünya 11:12 16.12.2022

Slovakiya Milli Şurası hökumətə etimadsızlıq göstərdi

Slovakiya Milli Şurası baş nazir Eduard Heqer hökumətinə etimadsızlıq göstərib.

Bu barədə Qaynarinfo TACR xəbər agentliyinə istinadən xəbər verir.

150 deputatdan 78-i bu qərarın lehinə, 20-si əleyhinə səs verib. Baş nazirin partiyası – OľaNO-dan ("Adi insanlar və müstəqil şəxslər") olan deputatlar iştirak etməyib, nümayişkaranə şəkildə parlamentin iclasını tərk ediblər. 

Etimadsızlığın göstərilməsi parlamentdə çoxluq təşkil edən SaS (Azadlıq və Həmrəylik) və Hlas-SD (Səs - Sosial Demokratiya) partiyalarının üzvləri tərəfindən irəli sürülüb. Əvvəllər onlar hökuməti Ukraynaya "həddən artıq aktiv” dəstək və Slovakiyanın iqtisadi problemlərinə kifayət qədər diqqət yetirmədiyinə görə tənqid edirdilər.

İndi baş nazir Eduard Heqer istefa ərizəsini prezident Zuzana Çaputovaya təqdim edəcək. Bundan sonra üç senari mümkündür. Ya ölkədə növbədənkənar parlament seçkiləri elan ediləcək, onun nəticələrinə görə yeni Nazirlər Kabineti formalaşacaq. Ya partiyalar yeni hakim koalisiya yaratmağa cəhd edə bilər. Və yaxud prezident müvəqqəti hökumət təyin edəcək.

Milli Şuranın sədri Boris Kollar qeyd edib ki, növbədənkənar seçkilər elan olunarsa, bu, 2023-cü ilin may və ya iyununda keçirilməlidir. Həmin vaxta qədər indiki hökumət məhdud səlahiyyətlərlə öz funksiyalarını yerinə yetirməyə davam edəcək.

Heqer 2021-ci il aprelin 1-də hökumətin başına keçib. Sentyabr ayında liberal SaS partiyası hakim koalisiyadan çıxdıqdan və dörd nazirini geri çağırdıqdan sonra Heqerin hökuməti parlamentdə çoxluğu itirib. Bu qərar SaS-in sədri Riçard Suliklə Maliyyə naziri, OĽaNO-nun lideri İqor Matoviç arasında uzunmüddətli münaqişənin nəticəsi olub.

Bir müddət əvvəl SaS hökumətə etimadsızlıq votumunu geri götürmək və dövlət büdcəsini dəstəkləmək şərti ilə Matoviç istefaya gedəcəyini vəd edib. Lakin Sulik bu sövdələşməyə razı olmayıb.

Hazırda sorğular Ukraynaya hərbi yardımı tənqid edən solçu müxalifət, Hlas-SD və Smer partiyalarının erkən seçkilərdə qələbə qazanacağını proqnozlaşdırır. Sonuncunun lideri, keçmiş baş nazir Robert Fiko bildirib ki, Kiyevə silah tədarükü və Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsi slovaklara çox baha başa gəlib.

Bu yaxınlarda respublikanın hakimiyyət orqanları MiQ-29 qırıcılarını Ukraynaya təhvil verməyə hazır olduqlarını bəyan ediblər. Bundan əvvəl Kiyev Bratislavadan 30 BMP-1, S-300 kompleksi, 8 "Zuzana” özüyeriyən haubitsa, dörd Mi-17 helikopteri və bir Mi-2 helikopteri, "Qrad MLRS” üçün döyüş sursatı alıb. Həmçinin Slovakiyada zədələnmiş Ukrayna avadanlıqlarının təmiri üçün baza açılıb.

Nizami Bağırov