Dünya 17:05 12.12.2022

Slovakiyadan MiQ-29 qırıcılarıyla bağlı Ukraynaya müjdə... - XİN rəhbəri

Slovakiya MiQ-29 qırıcılarını Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün təhvil verməyə hazır olduğunu bildirib. Bu məsələ artıq Ukrayna prezidenti Volodimir Zelenski ilə müzakirə olunub.

Qaynarinfo xəbər verir ki, bunu "İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində Slovakiyanın xarici işlər naziri Rastislav Kaçer deyib.

"Biz hələ MİQ-29-ları sizə təhvil verməmişik. Amma biz bunu etməyə hazırıq. Biz NATO-dakı tərəfdaşlarımızla bunu necə etmək barədə danışırıq. Və bu gün (8 dekabr – red.) prezidentinizlə çox əhəmiyyətli söhbətimiz oldu. Bizim müdafiə naziri bunu necə edə biləcəyimizi sizin prezidentə izah etdi. Və düşünürəm ki, yaxın həftələrdə Ukrayna nümayəndə heyəti Slovakiyaya gələcək və amerikalı dostlarımızla birlikdə bunun reallaşması üçün çalışacağıq”, - Kaçer bildirib.
Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, dekabrın 7-də Slovakiya "MIQ-29 üçün istifadə olunan bir neçə min raketi” təsdiqləyib. O, həmçinin bildirib ki, görüş zamanı Ukrayna prezidenti ilə təyyarələrin göndərilməsi məsələsini müzakirə edib.

"Lakin biz bunu prezident Zelenski ilə də kifayət qədər ətraflı müzakirə etdik. Və düşünürəm ki, təhlükəyə düşməmək üçün bunun necə ediləcəyini sirr saxlamaq lazımdır. Amma deyim ki, bu gün biz prezident Zelenski ilə bunu necə edəcəyimiz barədə çox, çox yaxşı fikir mübadiləsi apardıq. Ona görə də mən çox nikbinəm, düşünürəm ki, bu da tezliklə həyata keçiriləcək, təyyarələr Ukraynada olacaq”, - Kaçer əlavə edib.

Nizami Bağırov