Siyasət 13:49 27.03.2023

Sosial Rifah Partiyası niyə buraxıldı? - Əsli Kazımova səbəbləri açıqladı

Azərbaycan Sosial Rifah Partiyası (ASRP) üzvlərin iradəsinə uyğun olaraq buraxılıb. 

Bu barədə Qaynarinfo-ya ASRP-nin sədri olmuş Əsli Kazımova bildirib. O, ASRP-nin müstəqilliyin ilk illərində yarandıldığını xatırladaraq əlavə edib ki, həmin vaxt partiyanın bir sıra hədəfləri var idi:

"Təbii ki, həmin dövr üçün ən aktual məsələləri özündə ehtiva edən partiyanın məramları və hədəfləri milli birliyin güclənməsinə, torpaqlarımızın işğaldan azad edilməsinə, hüquqi dövlət quruculuğunun gücləndirilməsinə, müstəqilliyin möhkəmləndirilməsinə və qarşıdakı müddət ərzində insanların sosial rifahının yüksəldilməsinə istiqamətlənmişdi".

Əsli Kazımova daha sonra qeyd edib ki, ASRP fəaliyyət göstərdiyi müddət ərzində ölkənin ictimai-siyasi həyatında aktivliyi ilə seçilib - prezident, parlament və bələdiyyə seçkilərində iştirak edib. Onun sözlərinə görə, partiya buraxılsa da, özü və üzvləri yenə də cəmiyyətin inkişafında aktiv fəaliyyət göstərəcək: 

"Partiya olaraq daima dövlətimizin inkişafı üçün bütün gücümüzü səfərbər edərək mühüm təşəbbüs və təkliflərimizlə milli maraqların keşiyində dayanmışıq. Azərbaycan dövləti elan etdiyi siyasi xəttə sadiq qalaraq, ölkədə sosial siyasətin davamlı diqqət mərkəzində olmasını təmin edib - beləliklə, Azərbaycan sosial dövlət kimi mühüm uğurlara imza atıb, vətəndaşların maraqlarının müdafiəçisi kimi çıxış edib. Eyni zamanda, 2020-ci il Vətən müharibəsində əldə olunan qələbə ilə torpaqlarımızın işğaldan azad edilməsini təmin edib. Bir sözlə, Azərbaycan xalqı müasir dövrdə öz tarixinin ən möhtəşəm və qürurlu səhifəsini yaşayır. 

Tarixin bu mərhələsində ölkəmizin və cəmiyyətimizin inkişafı naminə bütün siyasi və intellektual potensialın səfərbər olması zəruri vəzifəyə çevrilib. Bu mənada ölkə rəhbərliyinin təşəbbüsü ilə təşviq olunan siyasi dialoq mühitini dövlətin dayanıqlı inkişafını və siyasi sabitliyi təmin edən strateji resurs kimi tanıyan ASRP Prezident İlham Əliyevin mövcud istiqamətdəki bütün təşəbbüslərini dəstəkləyib və bu proseslərdə fəal mövqe tutub. 

ASRP üzvlərinin iradəsinə uyğun olaraq partiyanın buraxılmasını bəyan etsək də, vətəndaşlıq borcumuzu hər zaman layiqincə yerinə yetirmək üçün səy göstərəcəyik. Əminəm ki, gələcək illərdə də partiyanın bütün üzvləri Azərbaycan vətəndaşı olaraq öz potensial və enerjisini cəmiyyətin inkişafına həsr edəcək və dövlətin yanında olacaq".
 
Qeyd edək ki, Azərbaycan Sosial Rifah Partiyasını 1994-cüs ildə sabiq deputat Xanhüseyn Kazımlı yaradıb. O, Əsli Kazımovanın atasıdır.

Seyid