Ölkə 13:46 31.03.2023

Sumqayıt Ədliyyə İdarəsi ilə Saray bələdiyyəsi arasında torpaq qalmaqalı

Sumqayıt Regional Ədliyyə İdarəsi ilə Saray bələdiyyəsi arasında torpaq münasibətlərinə dair mübahisə yaranıb. 

Qaynarinfo xəbər verir ki, iş hazırda məhkəmədədir. 

İddiaçı Sumqayıt Ədliyyə İdarəsidir. Qurumun iddiası Sumqayıt İnzibati Məhkəməsinin hakimi Leyla Mirəzyevanın icraatındadır. 

Ötən ilin yayında Saray bələdiyyəsinin sədri Məhi Həsənov Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) və ayrı-ayrı bələdiyyələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı zamanı bir sıra vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilib.

İstintaqın hazırkı mərhələsində isə əlavə olaraq qabaqcadan əlbir olan bir qrup şəklində bələdiyyə torpaqlarının satışının həyata keçirilməsi ilə əlaqədar müvafiq rəy verilməsi müqabilində rüşvət almalarına əsaslı şübhələr müəyyən olunan Abşeron rayon Saray bələdiyyəsinin sədri Məhi Həsənov, habelə ƏMDX-nin Xaçmaz ərazi şöbəsinin müdiri Aydın Cəfərov, Qəbələ ərazi şöbəsinin müdiri Baği Məsimov və Sumqayıt şəhər bələdiyyəsinin şöbə müdiri Şıxəli Abbasov 30 iyul 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 32.5, 311.3.1 (rüşvət almaqda köməkçilik) və 312.1-ci (rüşvət vermə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Maraqlıdır ki, Məhi Həsənov həbs edilsə də, Abşeron İcra Hakimiyyətinin rəsmi internet səhifəsində o, Saray bələdiyyəsinin sədri kimi təqdim edilib. 

Məlumatlara görə, hazırda bələdiyyə sədrinin səlahiyyətlərini müavini Şahlar Məhərrəmov icra edir. 

Seyid