İdman 17:37 01.07.2022

“Sumqayıt” futbol klubu: Bizi hansı sürprizlər gözləyir? (MÜSAHİBƏ)

Mövsüm bitəndən sonra "Sumqayıt” bəzi sürpriz qərarları ilə diqqət mərkəzinə düşdü. Klubun Müşahidə Şurasının iclası keçirildi, əcnəbi futbolçuların transferinə icazə verildi. Buna baxmayaraq, klubun büdcəsi hələ təsdiqlənməyib. Təbii ki, yeni mövsüm, planlar, büdcə ilə bağlı bir sıra suallar vardı ki, onlara məhz "Sumqayıt”ın prezidenti Riyad Rəfiyev cavab verə bilərdi. 

Qaynarinfo Riyad Rəfiyev ilə müsahibəni təqdim edir:

- Müşahidə Şurasının iclasında bir sıra məsələlər müzakirə etdiniz. Bizi nələr, hansı sürprizlər gözləyir?

- Öncə bildirim ki, yeni mövsüm üçün iyunun 3-də klubumuzun Müşahidə Şurasının iclası baş tutdu. Yeni mövsüm öncəsi bir çox qərarlar qəbul olundu ki, bu da klubun inkişafı yolunda atılan addımlardır. Olduqca vacib qərarlar imzalandı, düşünürəm ki, bunun da bəhrəsini zaman keçdikcə görəcəyik. Fürsətdən istifadə edib Müşahidə Şurasının bütün üzvlərinə təşəkkürümü bildirirəm.

- Klubun infrastrukturu ilə bağlı layihələr deyəndə nələr nəzərdə tutulur?

- Biz hər il mütəmadi olaraq bacardığımız qədər klubun infrastrukturunda bəzi dəyişikliklər etməyə çalışırıq. İnfrastrukturda nəzərdə tutduğumuz yeniliklər məhz uşaq futbolunun inkişafına yönəlmiş addımlardır. Yeni mövsüm üçün bu yöndə bəzi planlarımız mövcuddur. Uşaq futbolunun inkişafı yolunda məhz infrastruktur baxımından bəzi layihələrimiz var ki, onları həyata keçirməyi düşünürük. Zamanla, il ərzində bu layihələri həyata keçirəcəyik.

- "Sumqayıt”da əcnəbi futbolçuların icazə verilməsinə zərurət necə yarandı?

- Müşahidə Şurasında qəbul olunan qərarlardan biri də məhz əcnəbi futbolçuların çıxışına icazə verilməsidir. Əslində, əcnəbilərin komandada olması gənc və perspektiv vəd edən futbolçularımızın inkişafına böyük təkan verəcək. Həmçinin onlar klubumuzda rəqabəti də artıracaq. Rəqabət olan yerdə isə inkişaf qaçılmazdır. Əslində, bu məsələdə nüanslar kifayət qədərdir. Hamısını bir-bir sadalasaq çox uzun olacaq. 

- Uzun illərdən sonra "Sumqayıt”da əcnəbi futbolçuların çıxışına icazə verildi. Bununla bağlı planlar necədir, neçə legioner dəvət etmək niyyətindəsiniz?

- Müşahidə Şurasında qərar açıqlanandan dərhal sonra legioner axtarışına çıxdıq. Artıq bir neçə futbolçu var ki, onlarla danışıqlarımız davam edir. Tez bir zamanda hədəfimizdə olan legionerlərlə müqavilə bağlamağı düşünürük. Azarkeşlərimiz bir az da səbirli olsunlar, tezliklə yeni futbolçularla rəsmi müqavilə imzaladıqdan sonra bunu ictimaiyyətə çatdıracağıq.

- İrandan cəlb olunan futbolçuların bir çoxu nə milliyə, nə də "Sumqayıt"a fayda verdi. Demək olar, onlara boşuna pul xərcləndi. Bu strategiya davam etdiriləcək?

- Fikrinizlə razı deyiləm. Əli Qurbani 2 il "Sumqayıt”ın şərəfini qorudu. O, bu müddət ərzində 42 oyuna çıxdı və 14 qola imza atmaqla qazandığımız uğurlarda böyük pay sahibi oldu. Bu sözləri Höccət Haqverdiyə də aid etmək olar. O, klubumuzda ümumilikdə 40 oyunda meydana çıxmaqla bizə çox kömək oldu. Məhz uğurlu çıxışları nəticəsində hər ikisi A milli komandamıza dəvət aldı. 2 il əvvəlki mövsümdə Peyman Babayinin də uğurlu çıxışını vurğulaya bilərik. 

- Komandanın cari mövsümkü çıxışını necə dəyərləndirərdiniz? Ən azı ötənilki nəticələri təkrarlamağa nə mane oldu? Baş məşqçi dəyişikliyi?

- Hər bir klubun tarixində uğurlu və uğursuz nəticələr olur. Ötən ili çıxmaq şərti ilə ardıcıl iki mövsüm Konfrans Liqasında mübarizə apardıq. Klubumuz 2020/21 mövsümündə tarixində ilk dəfə Premyer Liqanı 3-cü pillədə tamamladı. 2 il ardıcıl Azərbaycan kubokunda final oynadıq. Təəssüf ki, ötən mövsüm istədiyimiz nəticəni qazana bilmədik. İnşallah bu mövsüm bizim üçün uğurlu olar. 

- Baqanın komandadakı işi ilə bağlı hansı fikirdəsiniz?

- Aleksey Baqa olduqca təcrübəli və nəticə vermiş məşqçidir. Belarusda, Litvada çempionluq sevinci yaşamış bir mütəxəssisdir. Baş məşqçi təyin olunanda demişdik ki, ona zaman lazımdır. Düşünürəm ki, onun işinə bu mövsümdən qiymət vermək daha düzgün olardı.

- Baş məşqçinin qarşısına növbəti mövsüm üçün hansı hədəflər qoyulacaq?

- Döyüşkən, əzmkar, öz dəst-xətti olan, akademiyasının məhsullarından yararlanan, Sumqayıt şəhərini layiqli şəkildə təmsil edəcək komanda formalaşdırmaq.

- Komandada əcnəbilərin oynamasına icazə veriləndən sonra ortaya bir sual çıxır - "Sumqayıt”ın büdcəsində hər hansı dəyişiklik gözlənilirmi?

- Hazırda bu barədə qərar verilməyib.

Səbuhi Həsənov