İdman 18:09 29.04.2022

“Sumqayıt”ın təcrübəli fubolçusu: “Hələ də bunun altından qalxa bilmirik...”

Sumqayıt uzun müddətdir qələbə üzünə həsrətdir. Təbii ki, bu hal komandanın oyununa təsirsiz ötüşmür. Bəs hazırda ab-hava necədir? "Neftçi” ilə oyuna hazırlıq hansı şəkildə gedir?


Bu suallarımızı "Sumqayıt”ın təcrübəli üzvlərindən olan Elvin Məmmədova ünvanladıq. Məmmədov Qaynarinfo-ya açıqlamasında bunları söylədi:


"Hazırlaşırıq, bu gün "Neftçi”nin kubok matçı var. Analiz aparırıq. Əlimizdən gələni edirik ki, azarkeşlərimizi sevindirək. Danışılası nüanslar çoxdur. Əsas səbəblər deyəndə, uduzmuşuqsa, nəticə yoxdursa, deməli, hamımızın səhvi var. Ardıcıl məğlubiyyətlər komandaya təsir edir. Bir heç-heçə, yenə məğlubiyyət olur. Komanda olaraq hələ də bunun altından qalxa bilmirik. Əlbəttə, qələbə yoxdursa, istər-istəməz bu, əhval-ruhiyyəyə mənfi təsir edir. Bu, futbolun qanunudur. Qələbə qazananda daha motivasiyalı olursan. Ardıcıl məğlubiyyət olanda komandanı toparlamaq da çətinləşir”.


Məmmədov baş məşqçinin fəlsəfəsinə uyğunlaşa bilib-bilmədikləri, fiziki yükləmələr olub-olmaması haqda bunları dedi:


"Baş məşqçi ilə bağlı mövzulardan çox danışmaq istəməzdim. Hər məşqçinin öz taktikası, fəlsəfəsi var. Ona da vaxt lazımdır. Hər kəs kimi məşq verə bilir. Çalışır ki, bizə futbol oynatsın. Bəzən alınmır. Bu, futbolda normal haldır. Komanda eniş yaşaya bilir. Keçən il üçüncü pilləni tutmuşduq. Bu il isə sonuncu yerlərdə gedirik. Səbəb sırf məşqçi dəyişikliyi ilə bağlı deyil. Ayxan müəllimin vaxtında da məğlubiyyətlər vardı. O, bu məğlubiyyətlərdən sonra getdi. Hər məşqçinin gələcəyin komandasını qurmaq üçün fikirləri var. Nəticə yoxdursa, deməli, onun tapşırıqlarını yerinə yetirə bilmirik. Başqa variant yoxdur. Fiziki yüklənmələr? Xeyr, bu barədə problem yoxdur. Hər komanda 90-cı dəqiqədə yorulur”.


"Aleksey Baqanın məşqlərində hansı yeniliklər var”, - sualına Məmmədov belə cavab verdi: 


"Bunu araşdırsanız, yaxşı olar. Mən desəm, düzgün çıxmaz. Təbii ki, hər məşqçinin məşq sistemi var. Mən onları necə deyə bilərəm ki, hansı məşqləri keçir? Düz yanaşma deyil. Vurğun Hüseynov, ya mən, ya da digərləri olsun, oyundan əvvəl müzakirələr aparırıq. Bir qələbə lazımdır ki, vəziyyətdən çıxaq. "Qəbələ” ilə oyunda üstünlük qazansaq da, sona yaxın qol buraxdıq. Yaxud "Zirə” olsun, oynadıq, amma 90-cı dəqiqədən sonra qol buraxıdıq. Bəzən alınmır. Əlbəttə, komanda şəklində motivasiya üçün əlimizdən gələni edirik. Hər komanda üçün qələbə vacibdir. Futbolçuları da başa salırıq”.


Maraqlıdır əcrübəli futbolçu yay fasiləsində komandasını dəyişməyi düşünürmü? Növbəti mövsümdən "Turan Tovuz”un Premyer Liqaya yüksələcəyi haqda söz-söhbətlər var. Bir tovuzlu kimi o komandadan gələn təklifi dəyərləndirmək haqda düşünərmi:


"Hələ ki, yeni təkliflər, dəqiq bir şey yoxdur. "Turan Tovuz”dan təklif gələrsə, dəyərləndirməyə hazıram. Niyə də olmasın?”


Səbuhi Həsənov