Ölkə 08:31 29.04.2022

Sumqayıtdakı dəhşətli yanğın nədən başlayıb? - Kəmaləddin Heydərov açıqladı

"Yanğın sahəsinin kənarında karton tullantılar var. İlkin ehtimal olunan variant budur ki, yanğın ordan başlayıb".

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, çağırışdan 9 dəqiqə sonra ilk yanğınsöndürən maşın hadisə yerinə çatıb. Yanğının miqyası nəzərə alınaraq helikopterlər cəlb olunub.

"Azərsun Sənaye Parkı”nda yanğın 5 min kvadrat metr ərazini əhatə edib. Hazırda 4 min kv. metr ərazidə yanğın söndürülüb: "Bu, müəssisənin müşahidə kameralarının videogörüntülərində də var. Azərbaycan Respublikasının Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi tərəfindən başlanmış cinayət işində bəzi istintaq sirləri olduğundan hər məlumatı deyə bilməyəcəm. İstintaqın gedişi barəsində Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi tərəfindən məlumat veriləcək".

K.Heydərov əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlərinin və texnikasının cəlb edildiyini bildirib: "Hadisə ciddi olduğuna görə ölkə rəhbəri, cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məlumat verilmişdir. Mütəmadi olaraq onlara yanğın söndürmənin gedişatı haqda məlumat verilmişdir. Bir neçə dəqiqə bundan əvvəl sonuncu məlumat verilib".

K.Heydərov bildirib ki, hadisə sakinlər arasında narahatlıq yaradıb. O, yanan obyektlərin qida anbarları olduğunu diqqətə çatdırıb.