Siyasət 22:20 28.11.2022

Suriyaya görə Ankara-Moskva qarşıdurması: Azərbaycan kimin yanında yer alacaq?

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Suriya ilə bağlı Moskva və Ankara arasında fikir ayrılıqları mövcuddur. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin səviyyəsi fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə imkan verir. 

"Münasibətlərimizin səviyyəsi və siyasi müdrikliyimiz imkan verir ki, bu cür fikir ayrılıqlarını qarşıdurma yolu ilə deyil, gərgin, uzun da olsa, yenə də danışıqlar yolu ilə həll edək. Bu səviyyəli qarşılıqlı anlaşma və qarşılıqlı hörmət həqiqətən belə çətin vəziyyətlərin müzakirəsi üçün yaxşı əsasdır”, deyə Peskov qeyd edib. 

Qeyd edək ki, bir sıra digər ölkələr kimi, Rusiya da Türkiyənin Suriyada antiterror əməliyyatı keçirmək istəyinə qarşıdır. Bu bölgədə prosesə  münasibətdə Moskva ilə Ankara arasında fərqli yanaşmalar mövcuddur. Ankara özü üçün təhlükə yaradan PKK və onun Suriya qolu olan PYD-nin məhv edilməsinə çalışdığı halda, Kreml həmin əraziyə Türkiyə qoşunlarının yeridilməsini həzm edə bilmir. Lakin hələlik tərəflər kəskin qarşıdurmaya getməkdən çəkinirlər. Amma bu vəziyyət onun əksinin baş verə biləcəyi ehtimalını da tamamilə yox etmir.  

Rusiya ilə Türkiyə Suriyada qarsı-qarşıya gələrsə, Bakının mövqeyi necə olacaq? 
 
Konfliktoloq Üzeyir Şəfiyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Suriya məsələsində Ankara ilə Moskva qarşıdurmaya gedərsə, Bakı birmənalı şəkildə qardaş ölkənin yanında olacaq:



"İstanbulda baş verən son terror hadisəsi göstərdi ki, Türkiyənin sərhədləri ətrafında təhlükəsizliyi təhdid olunur. Ona görə də Türkiyə havadan zərbələr endirməklə terrorçulara qarşı anti-terror əməliyyatına başladı. ABŞ və Rusiyanın buna reaksiyası mənfi oldu. Jurnalistlərin suallarına cavab olaraq Ərdoğan Türkiyənin təhlükəsizlik məsələsilə bağlı heç kimdən icazə istəməyəcəyini vurğuladı. 

Türkiyənin Suriyada təhlükəsizliklə bağlı atdığı addımlar tam məntiqlidir. Beynəlxalq hüquq da buna imkan verir. Bu yolda Rusiya ilə razılaşmaya da ehtiyac yoxdur. Moskva bu gün Ankara ilə konfliktə getməkdə maraqlı deyil. Çünki Ukrayna müharibəsi fonunda Rusiya aqoniya vəziyyətinə düşüb. Artıq tükənən Rusiya Türkiyəyə dirəniş göstərmək gücündə deyil. Onun hərbi, iqtisadi imkan və mənafeyi imkan vermir ki, Türkiyə ilə baş-başa gəlsin. Amma Suriya məsələsində, inandırıcı olmasa da, Ankara ilə Moskva qarşı-qarşıya gələrsə, Azərbaycan birmənalı şəkildə Türkiyə ilə strateji müttəfiqliyə əsasən qardaş ölkənin yanında olacaq. Bir neçə gün bundan öncə beyin mərkəzlərilə görüşdə Prezident İlham Əliyev də bildirdi ki, Azərbaycan və Türkiyə Orduları xarici təhlükələrə qarşı birgə mübarizə aparacaqlar. Bu da o deməkdir ki, Ankara ilə Moskva arasında konflikt fonunda Azərbaycan birmənalı şəkildə tərəddüd etmədən Türkiyənin yanında olacaq”. 

Rüfət Sultan