Siyasət 02:37 01.06.2023

Taliban lideri və Qətərin baş naziri Əfqanıstanda gizli danışıqlar aparıb – Reuters

Qətərin baş naziri may ayında Talibanın ali lideri ilə gizli danışıqlar aparıb və beynəlxalq ictimaiyyətlə gərginliyin həllinə diqqət yetirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters mənbəyə istinadən yazır  . 

Agentlik qeyd edir ki, bu hadisələr Əfqanıstan hakimiyyətinin ölkənin təcridinə son qoymağa kömək edəcək yolları müzakirə etməyə hazır olduğunu göstərə bilər.

Sözügedən görüş mayın 12-də Əfqanıstanın cənubundakı Qəndəhar şəhərində Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman əl-Tani ilə Talibanın ali lideri Heybətullah Axundzadə arasında baş tutub. Bu, Taliban liderinin xarici liderlə ilk görüşü olub. 

Reuters-in mənbəsinin verdiyi məlumata görə, ABŞ prezidenti Co Baydenin administrasiyası danışıqlarla bağlı məlumatlandırılıb və cütlük tərəfindən "müzakirə olunan bütün məsələləri koordinasiya edir", o cümlədən Talibanla dialoqu davam etdirilməsini. 

Həmçinin agentliyin məlumatına görə, Şeyx Məhəmmədin Taliban lideri ilə qaldırdığı digər məsələlər arasında qızların təhsili və qadınların işləməsinə qoyulan qadağanın aradan qaldırılması zərurəti də olub.
Qadınlar üçün təhsil və iş üzrə məhdudiyyətlər humanitar yardıma mane olur və bunlar, 2021-ci ilin avqustunda hakimiyyəti ələ keçirdikdən sonra heç bir ölkənin Taliban rejimini tanımamasının əsas səbəbləridir.

BMT-nin hesabatına görə, Talibanın qadınlara və qızlara qarşı davranışı insanlığa qarşı cinayət sayıla bilər. Taliban iddia edir ki, İslam qanunları və Əfqanıstan adət-ənənələrinə uyğun olaraq qadınların hüquqlarına hörmət edirlər.

Taliban 2021-ci ilin avqustunda ABŞ ordusunun ölkəni tərk etməsindən sonra Əfqanıstanda hakimiyyəti ələ keçirib. Bir çox ölkələrdə Taliban terror hərəkatı kimi tanınır. 

Nizami Bağırov