Dünya 19:17 03.06.2023

Tarixin əh dəhşətli qatar qəzaları (SİYAHI)

Dünən Hindistanın Orissa əyalətində baş verən qatar qəzasında 288 nəfərin ölümü, 900-dən çox adamın yaralanması dünyada baş verən böyük qatar qəzalarını yenidən gündəmə gətirib.

Qaynarinfo xəbər verir ki, Anadolu Agentliyi tarixboyu baş vermiş ən böyük qatar qəzalarının siyahısını tərtib edib:

2004-cü ildə Şri-Lankada baş verən qəza, tarixdə ən çox ölümlə nəticələnən qatar qəzası olub. Hind okeanında baş verən zəlzələdən sonra sunami səbəbiylə dəmir yolunun dağılması nəticəsində meydana gələn qəzada 1700 nəfər həlak olub.

1981-ci ildə Hindistanın Bihar şəhərində qatar körpünü keçərkən relsdən çıxıb və Baqmati çayına düşüb. Ölkə tarixində ən ölümcül qatar qəzası kimi tanınan hadisədə 800 nəfər həlak olub.

1917-ci ildə Fransada təxminən 1000 fransız əsgərini daşıyan 19 vaqonlu qatarın relsdən çıxması nəticəsində ölkənin ən dəhşətli qatar qəzası baş verib. Hadisə zamanı 700-dən çox əsgər həlak olub.

1917-ci ildə Rumıniyada qatarın relsdən çıxması nəticəsində 700-dən çox insan ölüb. 

1915-ci ildə Meksikada baş verən qatar qəzasında 600-dən çox insan həlak olub. Əyləc nasazlığı səbəbindən baş verən qəzada 900-dən çox sərnişinin olduğu qatardan 300-ə yaxın adam xilas edilib.

Rəsmi məlumatlara görə, 1984-cü ildə Rusiyanın Ufa şəhərində baş verən qatar qəzasında 575 nəfər həlak olub. Qeyri-rəsmi mənbələrə görə, 800-dən çox insanın ölümünə səbəb olduğu bildirilən qəza boru kəmərində LPG sızmasından sonra qaz toplanması səbəbindən iki qatarın alışması nəticəsində baş verib. 10 ton trotil ekvivalenti olduğu təxmin edilən partlayışda 7 vaqon tamamilə yanıb, 37 vaqon isə zərər görüb.

1985-ci ildə Efiopiyada Dire Davadan Əddis-Əbəbəyə gedən 7 vaqonlu qatarın həddindən artıq sürət səbəbindən döngədə relsdən çıxması nəticəsində 400-dən çox insan həlak olmuş, 500-dən çox insan yaralanmışdı.

Rəsmi məlumatlara görə, 1944-cü ildə İtaliyada Balvano qatarının qəzasında dəm qazından zəhərlənmə nəticəsində 517 sərnişin həlak olub.

Misirdə 2002-ci ildə Qahirədən Luksor istiqamətində hərəkət edən və Qurban bayramı üçün səfərə çıxan insanları daşıyan 11 vaqonlu sərnişin qatarında yanğın baş vermişdi. Qəza nəticəsində azı 370 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

İspaniyada 1944-cü ildə Leon əyalətinin Torre del Bierso yaxınlığındakı Torro tunelində əyləci sıradan çıxan poçt qatarı başqa bir qatarla toqquşub, daha sonra isə əks istiqamətdən gələn 27 vaqonlu kömür qatarı qəzaya uğrayıb. Üç qatarın toqquşduğu qəzada 500-dən çox adam həlak olub.

Bu il Yunanıstanın Afina ilə Saloniki arasında hərəkət edən yük qatarı ilə sərnişin qatarının toqquşması nəticəsində 57 nəfər həlak olub.

Konqo Demokratik Respublikasının Lualaba əyalətində 2022-ci ildə qanunsuz sərnişin daşıyan yük qatarının relsdən çıxması nəticəsində 75 nəfər ölüb.

2021-ci ildə Pakistanın cənubundakı Sind əyalətində qatarın relsdən çıxması nəticəsində 63 nəfər həyatını itirib.

Tayvanda 2021-ci ildə Hualien şəhəri yaxınlığında sərnişin qatarının yoldan çıxan yük maşını ilə toqquşması nəticəsində 49 nəfər həlak olmuşdu.

Pakistanda 2019-cu ildə Lahor yaxınlığında zəvvarları daşıyan sərnişin qatarında baş verən yanğında 74 nəfər həlak olub.

2018-ci ildə Hindistanın şimalında hindu festivalı zamanı atəşfəşanlığa baxan insanların üzərinə düşən qatar 60 nəfərin həyatına son qoyub.

2016-cı ildə Hindistanda təxminən 2000 sərnişini olan qatar relsdən çıxıb, qəzada 146 nəfər ölüb.

Aydın