İdman 19:11 28.02.2023

Təcavüzdə ittiham olunan federasiya prezidenti istefasını açıqladı

Fransa Futbol Federasiyasının (FFF) prezidenti Noel Le Qrat tutduğu vəzifədən istefa verib.

Qaynarinfo xəbər verir ki, bu barədə FFF məlumat yayıb. Açıqlamada prezidentin bu gün vəzifəsindən rəsmən istefa verdiyi bildirilib. Onun səlahiyyətlərini FFF-in vitse-prezidenti Filip Diallo davam etdirəcək. O,  iyunun 10-na qədər müvəqqəti prezident vəzifəsini icra edəcək.

Yanvarda Paris prokurorları Le Qrata qarşı cinsi qısnama iddiaları ilə bağlı araşdırmaya başlayıb. 81 yaşlı funksionerə qarşı açılan istintaqın Fransa mətbuatında yer alan cinsi təcavüz iddialarına əsaslandığı bildirilir.

Prezident bir müddət öncə fransalı keçmiş futbolçu Zinəddin Zidanla bağlı açıqlamaları ilə də gündəmə gəlmişdi. O məşhur futbolçunun yığmaya baş məşqçi təyin olunması ilə bağlı suala ""Zidan mənimlə əlaqə saxlamağa çalışmadı. Zəng etsə belə telefona cavab verməzdim. Onunla heç vaxt görüşməmişik” - sözləri ilə cavab vermişdi.  Fransanın İdman Nazirliyi, Zidanın keçmiş klubu Madrid "Real"ı,  həmçinin fransalı ulduz Kilian Mbappe və bir çox futbolçu Le Qratı Zidanla bağlı açıqlamalarına görə tənqid etmişdi.

FFF isə Qətərdə keçirilən dünya çempionatında millinin heyətində ardıcıl ikinci finala çıxan məşqçi Didye Deşamın müqaviləsini 2026-cı ilə qədər uzadıb.

Səbuhi Həsənov