Siyasət 14:22 11.11.2022

Tehrandan təhdid, Vaşinqtondan dəstək: İran Azərbaycana hücum etsə, ABŞ nə edəcək?

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə jurnalistin "İrandan Azərbaycana qarşı artan kəskin ritorikaya Vaşinqtonun mövqeyi necə olacaq” sualına cavab verərkən deyib ki, təmsil olunduğu ölkə tərəfdaş ölkələrin yanında olmağa davam edəcək: "İranın bölgə üçün təhlükə olduğunu çox açıq şəkildə bildirdik. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın öz regionunda və bəlkə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı müqavimət göstərməyə davam edəcəyik”. 

Qeyd edək ki, son zamanlar İranın Azərbaycana qarşı təhdidləri xeyli artıb. İranın müxtəlif səpkili rəsmiləri Azərbaycanı hədələməkdə davam edirlər. Bu yaxınlarda onlar hətta Azərbaycan sərhədi boyunca hərbi təlimlər də keçirib. Eyni zamanda, Tehran Qərbə doğru yol götürən Ermənistanla əlaqələri genişləndirir, onu silahla təchiz edir. Bu fonda Türkiyənin ardınca ABŞ artıq ikinci ölkədir ki, İranın Azərbaycana qarşı təhdidlərinə göz yummayacağını bildirir. Əslində, ABŞ Prezidenti Co Baydenin bu yaxınlarda etdiyi çıxışında "Biz İranı azad edəcəyik” fikrini səsləndirməsi ondan xəbər verirdi ki, Ağ Evin Tehrana qarşı təzyiqləri daha kəskin xarakter alacaq. Belə vəziyyət özünü xüsusən də İranın Ukrayna bataqlığına düşən Rusiyanı xilas etmək üçün ona raketlər satması fonunda daha kritik həddə gəlib çatıb. İran bununla öz durumunu daha da qəlizləşdirib. Yaranmış durum onu deməyə əsas verir ki, ABŞ İranın şimal sərhədindəki müsəlman ölkəsinə qarşı hədə-qorxu dilində danışmasına da biganə qalmayacaq. 

İran birmənalı olaraq özünün hədə-qorxu ritorikasından əl çəkməlidir. Yoxsa, dünyanın super gücü olan ABŞ və NATO-nun ikinci ordusuna malik Türkiyə ilə qarşı-qarşıya gəlməli olacaq. 

Politoloq Tural İsmayılov Qaynarinfo-ya açıqlamasında bildirib ki, İranın qonşu ölkələrə qarşı həyata keçirdiyi aqressiv siyasət dünyanın heç bir ölkəsi tərəfindən qəbul edilmir:



"Əslində, İranın uzun illər bu istiqamətdə apardığı siyasət elə onun özünün təklənməsinə gətirib çıxarıb. İndiki halda Tehranın nəinki qonşularla, dünyanın demək olar ki, əksər ölkələrilə heç bir normal münasibəti yoxdur. İranın bu hərəkətlərinə qarşı dünyanın ən önəmli siyasi güc mərkəzləri tərəfindən etirazların şahidi oluruq. İran ölkə daxilində ədalətli, sivil cəmiyyət formalaşdırmaq, qonşularla yaxşı münasibət qurmaq əvəzinə, Ukrayna müharibəsinə görə dalana dirənən Rusiya və Ermənistanın ümidinə qalıb. Nəticədə, İranın vəziyyəti daha da pisləşir. Bu baxımdan, ABŞ-ın Azərbaycanla bağlı səsləndirdiyi sözügedən mövqeyi təqdir ediləndir”. 

Ekspert qeyd edib ki, İranın Azərbaycan və Türkiyəyə qarşı aqresiv siyasəti ABŞ və digər Qərb ölkələrini də ciddi şəkildə narahat edir:

"Çünki Bakı Qərbin enerji təhlükəsizliyində açar dövlətlərdən biridir. Digər tərəfdən, İranın ölkəmizə qarşı bu tip aqressiv hərəkətləri ABŞ və Qərbin təhlükəsizlik maraqlarını da təhdid edir. İran tərəfdən Azərbaycan və Türkiyəyə qarşı hansısa kiçik bir hərbi addım atılsa, başda ABŞ olmaqla dünyanın ən ciddi ölkələrinin bu məsələdə Tehrana qarşı çıxacaqlarını söyləyə bilərik. Praysın açıqlaması da göstərir ki, ABŞ adminstrasiyası İranın bütün aqressiyasına qarşı birmənalı şəkildə Azərbayanın yanındadır, həmişə də ölkəmizin yanında yer alacaqlar”. 

Rüfət Sultan