Vüsal Bağırlı
Ölkə 16:03 01.03.2021

Tərləmiş pəncərə üzərində fiqurlar çəkən qızcığaz..

Vüsal Bağırlı

Kompyuter qarşısında uzun iş saatı keçirmişdim. Belə vaxtlarda monitordan çıxan şüa adamı sanki maqnit kimi ekrana cəzb edir. Şüa ilk baxışda təsirzisdi, gözəgörünməzdi, heç bir hiss duyurmur. Lakin, eyni zamanda adamı içdən, daxildən həzin-həzin yeyir, kəsir-doğrayır. 

İş günü başa çatmışdı. Kompyuteri söndürüb, ayağa qalxdım. Otaqdan çıxıb yaxınılıqdakı dayanacağa gəldim. Avtobusa minib arxa oturacaqda yayxandım. Elə yorulmuşdum ki, özümü qaxac müqəvva, qayıdıb yenidən ağaca çevrilmiş zavallı Pinokkio kimi hiss edirdim.

Çantamdan kitabı çıxardım. Mütəliə etməyə səy göstərdim. O qədər də tanınmamış koreyalı yazıçı Li Sin Yunun "Bitkilərin gizli həyatı” romanına yenicə başlamışdım.

Əsərin  yazı dili yüngül idi, kifayət qədər maraqla oxunurdu. Di gəl, səhifəni gözümün qarşısına tutan kimi, şirftlər gözümün qarşısındaca bir - birinə qısılmağa başladılar. Hərflər nizamsız şəkildə qarışır, ağ vərəq fonunda  sağa-sola axışırdılar. Oxudularımdan heç nə anlamırdım. Ətrafda, baxmalı, seyr etməli biri şey də yox idi. Tıxacda dayanıb durmuşduq. Bütün şəhər nəqliyyatı tərpənməz, sükunət hala gəlmişdi. Vəssalam.

Birdən, gözlərimi yumub açdım və mənə bir anlıq  elə gəldi ki, dəqiqələr keçmişdir, amma saata baxdıqda, başa düşdüm ki, bir saatddan çoxdur yoldayam. Pəncərədən bayırda artıq tanış yerlər, tinlər, küçələr gözə dəyirdi. Artıq evə çatdırdım. 

Qısamüddətli mürgü beynimin içini aydınlaşdırmışdı. Elə bil, bayaqdan qazana dönmüş başımın üstündəki gözəgörünməz qapağı kimsə açmış, kərkirlə içərisindəki kifi yığmışdı.

Özümü qəfəsdən yenicə buraxılmış quş kimi azad və yüngül hiss edirdim. 

***

Avtobusun arxa oturacağından axşam şəhərinin qırmızı-sarı işqılarını, adamalrın kölgəyə bürünmüş siluetlərini, tutqun binaları müşahidə edirdim. Bayırda hava yetərincə soyumuşdu.

Sərbəst uçuşan yüngül qar dənələrini havadaca qapan xəzri, onları qəribə trayektoriya ilə ora-bura fırladır və qəzəblə hərəkətə olan avtomobillərin dəmir gövdələrinə çırpırdı. Çovğun qarı bərkimiş buzlu küçələrdən sovurub, şimal küləyinin istiqaməti üzrə əyilmiş ağacların dibinə, binaların künc – bucağına topalayırdı. Dayanacaqda üşüyən iki gənc bir-birinə qısılmışdı. Qız başını oğlanın çiyninə qoyub məchulluğa baxırdı.

Qulaqcıqdan dinlədiyim məşhur "Golden eye” mahnısının təmtəraqlı sədaları qanımı cuşa gətirmişdi. Tina Törnerin möhtəşəm səsi  əsrarəngiz qış mənzərəsində mistik təsir bağışlayır, adamı riqqətə gətirirdi. Özümü yerinə yetirilməsi mümkünsüz tapşırıq dalınca gedən Ceyms Bond kimi hiss edirdim. 
Bakının ekstravaqant qar mənzərəsini avtobus pəncərəsindən seyr etməyin ayrı özəlliyi vardır. Pəncərənin şüşəsi kondensasiya, yağıntı, isti və soyuğun təsiri nəticəsində bayırdan islanır, içəridən tərləyir və şəhər sanki okean dibinə qərq olmuş təəssüratı bağışlayır. 

Qabaq oturacaqda, anasının qucağında oturmuş üç-dord yaşlı dəcəl qızcığaz bir yerdə dayanmır, elə hey vurnuxurdu. Nəhayət, başını şəhadət barmağının ucuyla pəncərə üzərində qəribə fiqurlar və varlıqlar, qəmgin ağızlı smayliklər çəkməklə qatmağa qərar verdi. 

Sonra, ona maraqla baxdığımı görüb, üzünü çevirdi, təkrar geri qanrıldı, qırmızı dilini çıxarıb mənə tərəf göstərdi və tum gözlərini qıyaraq hiyləgərcəsinə gülümsədi.