Siyasət 12:53 08.03.2023

Toivo Klaarın açıqlaması nə deməkdir? - "Qərb Azərbaycana dəstək verir"

"Toivo Klaarın bu mövqeyi onu göstərir ki, Azərbaycanın Laçın yolunda nəzarət-keçid məntəqəsi yaratmaq istəyi artıq beynəlxalq qurumlar tərəfindən də dəstəklənir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Laçın yolunda şəffaflığın təmin olunması ideyasını dəstəkləməsinə münasibət bildirərkən deyib.
 


"Bu fikirləri həm Avropa İttifaqı, həm də ABŞ-ın mövqeyi kimi qəbul etmək olar. Onlar dəfələrlə bu mövqeyi açıqlayıblar. Qərb regionumuzda istənilən kommunikasiyaların bu və ya digər dövlətin suverenlik hüququ çərçivəsində istifadə edilməsinin tərəfdarı olduğunu bəyan edib. Hətta Zəngəzur dəhlizinə aid də onların bu sayaq bəyanatı var. Belə mövqe isə Azərbaycanın Laçın yolu və ümumiyyətlə sərhəddə qanuni əsasda nəzarətin tətbiq olunması istəyinə Qərbin verdiyi açıq dəstəkdir. Əminəm ki, Azərbaycanın Laçında nəzarət-keçid məntəqəsini yaratmaq istəyi artıq beynəlxalq qurumlar tərəfidən də dəstəklənir”, deyə sabiq nazir bildirib.

Qeyd edək ki, Bakı səfərini başa vurarkən Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Laçın yolunda nələrin daşınması ilə bağlı şəffaflığın təmin olunması ideyasının tamamilə legitim olduğunu bəyan edib: "Çünki biz Laçın yolundan gərginliyi daha da artıran məhsulların daşınmasını, hər hansı hərbi və ya qeyri-qanuni məqsədlər üçün istifadə olunmasını istəmirik. Şəffaflıq tamamilə qanunidir. Məncə, bu şəffaflığın əldə olunması ilə bağlı hansı yolların, vasitənin olması müzakirələrin və danışıqların mövzusudur”. 

Rüfət Sultan