İdman 15:17 27.05.2023

Toney öz komandasının məğlubiyyətinə də mərc edibmiş

Mərc oyunlarında iştirak etdiyi üçün İngiltərə Futbol Assosasiyası (İFA) tərəfindən 8 ay müddətinə futboldan uzaqlaşdırılan "Brentford”un hücumçusu İvan Toneyin məsələsi ilə bağlı bəzi detallar açıqlanıb. 

Qaynarinfo-nun məlumatına görə, diskvalifikasiyaya qədər olan hadisələrin açıqlanması ilə yanaşı, hücumçunun cəzasının azaldıldığı da üzə çıxıb. İngilis mətbuatında yer alan xəbərlərə görə, futbolçu üçün ilkin olaraq 15 aylıq uzaqlaşdırma qərarı nəzərdə tutulubmuş. Ancaq Toni günahını etiraf etdiyi və mütəxəssislərin onun qumar aludəçisi olduğunu müəyyənləşdirməsi səbəbindən cəza müddəti 8 aya endirilib. 

Assosasiyanın açıqlamasına görə, futbolçu əsasən özünün oynamadığı matçlarda bukmekerlərə üz tutub. 27 yaşlı hücumçu hətta öz komandasının məğlubiyyətinə də mərc etmıkdən çəkinməyib. Toney mərclərin böyük hissəsini "Nyukasl”ın oyunçusu olduğu vaxtlarda edib. Futbolçunun yeddi oyunda ümumilikdə "Nyukasl”ın 13 məğlubiyyətinə mərc etdiyi müəyyənləşdirilib. Mərc oyunları oynayarkən müqavilə ilə "Nyukasl"a məxsus olsa da, icarə əsasında "Uiqan"da forma geyinməsi futbolçunu daha sərt cəzalardan xilas edib.

Hücumçunun 2018-ci ilin martında matçların birində ilk "11-lik”də yer alacağını dostuna əvvəlcədən bildirdiyi məlum olub. Bununla yanaşı, assosasiyanın hesabatında futbolçu meydanda çıxdığı 9 matçda 15 qol vuracağına da mərc edib.

Səbuhi Həsənov