Dünya 18:23 03.04.2023

“Tramp yenidən prezident olarsa”.... (ŞƏRH)

"Trampın hakimiyyətə qayıdışı üçüncü dünya müharibəsi ertələyə bilərdi”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev ABŞ-ın keçmiş Prezidenti Donald Trampın yenidən həmin kürsüyə sahib olması fonunda, prosesin Rusiya-Ukrayna savaşının taleyinə təsirindən danışarkən deyib:
 
"Trampın hakimiyyətdə olduğu dövrdə ABŞ-ın Rusiyaya münasibəti bildiyiniz kimi, indikilə müqayisədə tamam fərqli müstəvidə idi. Bu mənada ABŞ-dakı növbəti seçkilərdə Trampın qalib gəlməsi dünya düzənində yeni reallıq yarada bilər. Trampın hakimiyyətə qayıdışı ilə ABŞ-ın Rusiyaya münasibətdə siyasəti fərqli müstəviyə keçə bilər. Hazırda dünya daha dərin qütbləşməyə doğru gedir.  Bir tərəfdə ABŞ və onun müttəfiqləri, digər tərəfdə isə Rusiya, Çin, İran kimi avtoritar rejimlər dayanıb.  Trampın yenidən hakimiyyətə gəlməsi fonunda isə bu qütblər arasında ortaq yaxınlaşmanın əldə olunması mümkündür. Çünki Trampın siyasəti  Amerikanın dünya hegemonluğunun fərqli müstəviyə çıxarılmasına hesablanıb. Çinlə ABŞ  arasındakı indiki gərginliyin əsası məhz Tramp tərəfindən qoyulub. Habelə Trampla Putin arasında  gərginlikdən daha çox əməkdaşlıq mühiti mövcud idi”. 

Ekspert düşünür ki, Trampın yenidən hakimiyyətə gəlmə ehtimalı az olsa da, onun baş verməsi fonunda Rusiya Ukrayna müharibəsi minimal səviyyədə olsa da, Moskvanın xeyrinə başa çata bilər:
 
"Çünki Trampın yanaşması tamamilə fərqli müstəvidədir. Onlar ABŞ-Rusiya qarşıdurmasının deyil, iş birliyi siyasətinin tərəfdarlarıdır”. 

Qeyd edək ki, keçmiş ABŞ prezidenti Donald Tramp, hətta Nyu Yorkdakı böyük jüri onu ittiham etmək üçün səs verdikdən sonra belə, 2024-cü ildəki dövlət başçısı seçkilərində Respublikaçılar arasında ən yaxşı seçimdir. Bunu "YouGov” sorğusunun nəticələri sübut edib. Məlumata görə, respondentlərin 52%-i Trampı dəstəkləyir. Onun ən güclü rəqibi, Florida ştatının qubernatoru Ron DeSantisin dəstək səviyyəsi isə 21%-dir. 
 
Rüfət Sultan