Dünya 17:03 05.04.2023

Trampı kim və niyə cəzalandırır? - Mehman Əliyevin şərhi

"Trampın azadlıqdan məhrum ediləcəyini gözləmirəm. Lakin bu hadisəyə bir ibrət dərsi kimi baxıram”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev ABŞ-ın sabiq prezidenti Donald Trampın həbs olunaraq, sonradan sərbəst buraxılmasına münasibət bildirərkən deyib.

Mehman Əliyevin fikrincə, bununla bir nümunə yaradırlar ki, heç kim qanunu poza bilməz:


 
"Buna qısasçılıq deməzdim. Əslində, Tramp Amerikanın siyasi elitasının nümayəndəsi olmayıb. O, biznes strukturundan birdən-birə siyasətə atılıb. Amma onun hərəkətləri siyasətdən kifayət qədər uzaq olub. Prezidentliyi dövründə kifayət qədər hüquq pozuntularına yol verib. 

Son seçkilərdə məğlubiyyəti fonunda baş verən iğtişaşlar da onunla əlaqələndirilir. Tramp məsuliyyətsizlik göstərirdi. Bu məsuliyyətsizlik dövləti kritik vəziyyətə salmışdı. 

Trampa qarşı məhkəmə əslində prezidentlərin də hüquqa hörmət etməli olduqlarına bir işarədir. Heç kim vəzifəsindən sui-istifadə edib, şəxsi maraqları üstün tutmamalıdır. Bununla bir nümunə yaradırlar ki, heç kim qanunu poza bilməz”. 

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Donald Trampa qarşı Manhetten prokurorluğu 34 bənddən ibarət ittiham aktını dərc edib. Bu fonda da sabiq prezident qanunlara müvafiq olaraq iki saat ərzində həbsdə qalıb. Sonradan isə onun barəsində verilən həbs qərarı ləğv edilib və məhkəmə binasını tərk edib. Tramp qanunsuz fəaliyyətləri gizlətmək üçün biznes sənədlərini saxtalaşdırmaqda ittiham olunur. 

Rüfət Sultan