Dünya 15:21 13.04.2023

Trampın keçmiş köməkçisi: Avstraliya, Yaponiya və İsrail NATO-ya dəvət olunsun

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton NATO-ya Avstraliya, İsrail, Yaponiya və bir sıra digər ölkələri dəvət etməyi təklif edib. Həmçinin, onun fikrincə, ABŞ və müttəfiqləri hərbi xərclərini ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın dövründəki səviyyəyə çatdırmalıdırlar. 

Qaynarinfo xəbər verir ki, o, bu barədə ABŞ-ın The Wall Street Journal (WSJ) qəzeti üçün köşə yazısında bildirib.

"Biz Xose Mariya Aznarın (İspaniyanın keçmiş baş naziri – red.) Yaponiya, Avstraliya, İsrail və NATO-nun müdafiə xərclərinin məqsədlərinə sadiq qalan digər ölkələri dəvət etməklə NATO-nu qlobal etmək təklifini həyata keçirməliyik”, - deyə Bolton köşə yazınızda yazıb. 

Con Bolton həmçinin yazır ki, NATO ölkələri Ronald Reyqanın prezidentliyi (1981-1989; ÜDM-in təxminən 6%-i – red.) dövründəki kimi ÜDM-yə nisbətdə müdafiə xərclərini artırmalıdır. Onun fikrincə, digər sahələr üzrə federal büdcə xərclərini azaltmaqla onları artırmaq olar.

Con Bolton Tayvana silah tədarükünü də ən aktual məsələlərdən biri adlandırıb. O, əlavə edib ki, ABŞ Avropa və Asiyadakı tərəfdaşları ilə birlikdə Tayvanı kollektiv təhlükəsizlik sisteminə daxil etməli və hərbi yardımın həcmini artırmalıdır.

Con Bolton 2018-2019-cu illərdə ABŞ-ın keçmiş prezidenti Donald Trampın administrasiyasında prezidentin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsində çalışıb. 2019-cu ildə o, Trampla əhəmiyyətli fikir ayrılıqlarına görə işdən çıxarılıb.

Nizami Bağırov