Ölkə 11:17 29.05.2022

Turizm ekspertləri üçün milyonluq tur


Dövlət Turizm Agentliyi "STİ Travel” MMC ilə maliyyə dəyəri 1 209 257 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb.

 

Qaynarinfo xəbər verir ki, müqavilədə 2022-ci ildə xarici ekspertlər və turizm nümayəndələri üçün tanışlıq turlarının təşkili xidmətləri nəzərdə tutulur.

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən "STİ Travel” MMC 28 fevral 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, ev 19-da yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynova Viktoriya Rafaelovnadır.

 

18 yanvar 2022-ci il tarixdə reyestr məlumatlarına dəyişiklik edilib.

 

Açıq mənbələrdə şirkət haqqında hər hansı məlumat yoxdur. Baxmayaraq ki, şirkət 17 ildir fəaliyyət göstərir.

 

MMC-nin qanuni təmsilçisi Viktoriya Hüseynovaya gəlincə, onun adına yalnız "Linkedin” platformasında rast gəlinir. Lakin onun profilində yalnız adı, soyadı və "STİ Travel”də çalışdığı qeyd edilib.

 

STİ Travel” MMC-nin bundan əvvəl satınalma müsabiqələrində iştirakına dair məlumatlara da rast gəlinmir.

 

Dövlət satınalmalarının vahid internet portalında axtarış verərkən şirkətin yalnız Dövlət Turizm Agentliyi ilə bəhs etdiyimiz müqaviləsi çıxır.


Seyid