Siyasət 20:32 24.05.2022

Türkiyə hansı halda NATO-dan çıxarıla bilər? (ŞƏRH)

ABŞ Yaxın Şərq Analitik Mərkəzinin prezidenti, Daniel Pips Ankaranın tutduğu mövqeyə görə Türkiyənin NATO-dan kənarlaşdırılmasına çağırıb. D.Pips "TVP World” telekanalına müsahibəsində bildirib ki, 1952-ci ildən 2002-ci ilə qədər Türkiyə NATO-nun çox yaxşı müttəfiqi olub. Amma son 20 ildə Türkiyənin Alyansla münasibətləri çox pisləşib, hətta bu, müttəfiqlik də deyil: ”Ankara Yunanıstan kimi NATO üzvlərinə düşmən siyasət aparır, Suriyanı işğal edib, Avropanı suriyalı miqrantlarla təhdid edib, Rusiyadan "S-400” komleksləri alır”.

Analitikin fikrincə, Ankaranın siyasətinə və NATO-nun genişlənməsinə dair mövqeyinə görə Türkiyə artıq alyansın bir hissəsi deyil.
 
Qeyd edək ki, bir neçə gün əvvəl CNN telekanalının analitiki Devid Andelman da anoloji fikirlər söyləyib: 

"İsveç və Finlandiyanın NATO üzvlüyünə mane olması Türkiyənin Alyansdan kənarlaşdırılması ilə nəticələnə bilər. Ərdoğan üç il əvvəl Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini aldıqdan sonra Türkiyənin NATO-dan çıxarılması ilə bağlı artıq fikirlər səslənib. Amma bu addım NATO-nun strateji vacib regionda mövqelərini zəiflədə bilər. Çox az ölkə NATO-da ABŞ-dan sonra strateji Bosfor boğazına nəzarət edən və Qara dənizə çıxışı olan ən böyük ordunu itirmək riskinə razı olardı”, - deyə Andelman bildirib. 

Görünən odur ki, Türkiyənin İsveç və Finlandiya məsələsində tutduğu haqlı mövqe Qərbdə bəzilərinin yuxusunu ərşə çəkib. Bəs Türkiyə tutduğu bu mövqeyinə görə, Alyansdan kənarlaşdırıla bilərmi?
 
NATO nizamnaməsində göstərilir ki, üzv dövlətlər iki halda qurumdan xaric oluna bilərlər. Birinci halda, ölkələrdən hər hansı biri NATO-nun daxili nizamnamə tələblərini pozduqda Alyansdan uzaqlaşdırıla bilər. Digər halda isə, üzv ölkənin öz istəyi ilə reallaşması mümkündür.

Xatırladaq ki, vaxtilə Fransa məhz öz istəyilə NATO-nun hərbi alyansından çıxaraq, qurumun yalnız siyasi məsələlərində iştirak etməyə başladı. Nizamnamə pozuntusuna görə üzv ölkənin alyansdan çıxarılması presedenti isə bu günə qədər baş verməyib. Bu mənada, Qərbdəki bəzi dairələrin Türkiyəyə qarşı bu hücumları yersiz olmaqla yanaşı, baş tutan deyil. Ankaranın öz istəyi olmasa, heç bir dövlət onu NATO-dan çıxara bilməz. Türkiyənin uzaqlaşdırılması NATO-nun maraqlarına da cavab vermir. Çünki Türkiyə qurumun ikinci ən böyük ordusuna malikdir. Bu ölkə strateji cəhətdən mühüm bir bölgədə yerləşir. Həmin bölgənin itirilməsi alyansın Kiçik Asiya regionunda mövqelərini xeyli dərəcədə sarsıda bilər. Ona görə də NATO-nun zəif orduya malik İsveç və Finlandiyaya görə Türkiyəni qurban verəcəyi heç bir halda gözlənilən deyil. 

Rüfət Sultan