Dünya 15:51 11.01.2023

Türkiyə, Rusiya və Ukrayna ombudsmanları bunu müzakirə edəcək

Türkiyə, Rusiya və Ukrayna ombudsmanları Rusiya-Ukrayna münaqişəsindən zərər çəkmiş uşaqlar, qadınlar və yaralılara yardım üçün humanitar dəhlizin açılması məsələsini müzakirə etmək məqsədiylə üçtərəfli görüş keçirəcəklər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin ombudsmanı Şərəf Malkoç məlumat verib.

"Biz ombudsmanlar olaraq iki gün ərzində bu müharibənin qurbanı olan qadın və uşaqlara kömək etməyin mümkün yollarını, eləcə də əsirlər üçün nə edə biləcəyimizi müzakirə edəcəyik. Türkiyə, Rusiya, Ukrayna ombudsmanlarının üçüncü toplantısında biz uşaq hüquqları, yaralılar və əsir mübadiləsi ilə bağlı yol xəritəsini müəyyənləşdirməyə çalışacağıq”.

Malkoçun sözlərinə görə, Rusiya və Ukrayna ombudsmanları Tatyana Moskalkova və Dmitri Lubinets arasında Ankaranın vasitəçiliyi ilə sabah, yanvarın 12-də "21-ci əsrdə insan haqlarının gələcəyi” konfransı çərçivəsində üçtərəfli danışıqlar keçiriləcək. Şərəf Malkoç bildirib ki, konfransda 41 ölkədən 70-dən çox ombudsman və hüquq müdafiəçisi iştirak edəcək.

"Bu müharibə dünyada siyasi, sosial, iqtisadi aspektlərdə hər kəsə təsir etdi. Hər gün bombalar partlayır. Biz ombudsmanlar olaraq bütün bəşəriyyəti tezliklə atəşkəs üçün səy göstərməyə çağırırıq”, - deyə Malkoç əlavə edib.

Türkiyə, Rusiya və Ukrayna ombudsmanlarının üçtərəfli görüşünü cənab Lubinetsin özü mətbuat konfransı zamanı təsdiqləyib. O, həmçinin ümidvar olduğunu bildirib ki, görüş zamanı tərəflər təkcə mülki əhalinin deyil, həbsdə olan hərbçilərin də problemlərini həll edə biləcəklər.

Yanvarın 9-da Tatyana Moskalkova bildirib ki, yanvarın 12-14-də Türkiyədə Ukraynanın ombudsmanı ilə görüşmək niyyətindədir. Yanvarın 10-dan 11-nə keçən gecə Moskalkova Telegram kanalında foto yayımlayıb və ukraynalı həmkarı Dmitri Lubinetslə görüşdüyünü bildirib. Onun sözlərinə görə, tərəflər Rusiya və Ukrayna vətəndaşlarına humanitar yardımın göstərilməsi məsələlərini müzakirə ediblər. O, başqa təfərrüat verməyib.

Nizami Bağırov