Siyasət 21:08 12.11.2022

Türkiyə XİN: Türk dövlətləri ilə münasibət qurmaq Kipr türklərinin təbii hüquqdur

Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv seçilməsinə dair açıqlamasını rədd edirik.

Bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

Qeyd olunub ki, Kipr adasında olan iki dövlətdən biri olan ŞKTR-nın müşahidəçi üzvlüyü haqqında qərar, 11 noyabr 2022-ci ildə Səmərqənddə keçirilən Türk dövlətlərinin təşkilatının sammitində yekdilliklə qəbul edilib.

"Bəyannamədə deyildiyi kimi, kiprli türklər Türk Dünyasının tərkib hissəsidir, Türk dövlətləri ilə münasibət qurmaq və inkişaf etmək onların təbii hüquqdur.

Kipr adasında ədalətli, daimi və davamlı həll yalnız 1963-cü ildən bəri qəsb edilən Kipr Türk xalqının suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun qeydə alınması ilə başlayacaq bir prosesdən sonra əldə edilə bilər”, - deyə bildirilib.

Əlavə olunub ki, bunun üçün beynəlxalq ictimaiyyət Kiprin yunan administrasiyasını adanın yeganə sahibi hesab edən siyasətdən əl çəkməli və ŞKTR-nı tanımalıdır: "Türkiyə ŞKTR-nın yanında olmağa və bütün beynəlxalq platformalarda Kipr türklərinin səsi olmağa davam edəcək”.