Dünya 14:18 06.02.2023

Türkiyədə baş vermiş zəlzələ 7,4 deyil, 7,7 bal gücündə olub

Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ 7,4 deyil, 7,7 bal gücündə olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə bildirib.

O, zəlzələnin 1939-cu ildə Ərzincanda baş vermiş zəlzələdən sonra ən güclü zəlzələ olduğunu qeyd edib. Ərdoğan əlavə edib ki, zəlzələnin fəsadlarının aradan qaldırılmasına 9000 axtarış-xilasedici cəlb edilib.

Türkiyənin Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutunun açıqlamasında da bildirilib ki, zəlzələnin gücü sonradan yoxlanılıb. Açıqlamaya əsasən, araşdırmadan sonra yeraltı təkanların 7,7 bal gücündə olduğu dəqiqləşdirilib.

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda zəlzələ Bakı vaxtı ilə 05:26-da baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Gaziantep, Şanlıurfa, Diyarbakır, Malatya ve Adana başda olmaqla ətraf ərzailərdə, o cümlədən Ankarada da hiss edilib. Zəlzələ nəticəsində azı 912 nəfər ölüb, 5385 insan xəsarət alıb, 1710 bina tamamilə dağılıb.