İdman 17:10 24.03.2023

Türkiyədə bəyənilməyən, Almaniya ilə dünya çempionu olan, Azərbaycanı sevən Məsut...

Almaniya millisinin türk əsilli sabiq futbolçusu Məsut Özil bir neçə gün öncə karyerasını bitirdiyini açıqladı. 

Qaynarinfo 2014-cü ildə Almaniynaın heyətində dünya çempionu olan futbolçunun karyerası haqda yazı təqdim edir. Yazıda Azərbaycana da xüsusi sevgisi olan Özilin karyerasında bir sıra maraqlı məqamlara toxunulub.

1988-ci il oktyabrın 15-də Almaniyanın Helzenkirxen şəhərində anadan olanda bəlkə də həmin vaxt heç kimin yuxusuna da girməzdi ki, bu oğlan Almaniya millisi ilə dünya çempionatını qazanacaq və futbolda iz qoyacaq. O, uşaq ikən Helzenkirxen küçələrində futbol oynayırdı, həmişə böyük futbolçu olmaq arzusunda idi və… O, arzusunu reallaşdırmağı bacardı. Almaniya millisinin heyətində dünya çempionatının qalibi olanda özü haqqında olan bütün mənfi fikirləri tərsinə çevirdi və dünya futbolunda iz buraxdı. Bədən quruluşu ilə diqqət çəkməsə də, estetik futbol tərzi ilə topa toxunduğu ilk anda hamıdan fərqli olduğunu ortaya qoydu. Əslən Zonquldaqdan olan yarımmüdafiəçi oynadığı futbolla ailəsinin gələcəyə ümidlərini artırdı. Ailəsi onun çox yaxşı futbolçu olacağına inanırdı. 

Hələ çox gənc ikən Türkiyəyə gəlmişdi

Məsut hələ 18 yaşı tamam olmamış Türkiyə yolunu tutdu və "Qalatasaray”a qoşulmaq istəyirdi. Lakin dövrün idarəçiləri Məsut haqqında "O, soxulcan kimi çox arıqdır. Bundan futbolçu ola bilməz, cəhd etməyə belə ehtiyac yoxdur” fikirlərində yekdil idilər. Daha sonra "Beşiktaş”a pənah aparan Özilə bu klubda da yer tapılmadı. Klub rəhbərliyi "Bunda futbolçu tipi yoxdur” deyərək onu geri göndərdilər. Sonrakı illərdə "Fənərbaxça”nın qapısına yaxınlaşmağa belə cəsarət etməyən Özil Almaniyaya qayıtdı.

Ulduz futbolçu 2006-cı ildə "Şalke 04”lə rəsmi müqavilə imzaladı və Almaniyadakı çıxışı ilə futbolsevərlərin böyük rəğbətini qazanmağa başladı. Bu, Türkiyənin də diqqətini çəkdi və o, 2009-cu ildə milli komandaya dəvət edildi. Amma həmin vaxt, "Özümü alman kimi hiss edirəm. Mən və ailəm hər zaman türk olaraq qalacağıq, amma alman forması ilə özümü daha yaxşı hiss edirəm” deyən Məsut Türkiyənin təklifinə rədd cavabı verdi.

"Şalke 04”də diqqət çəkdi, dünya çempionatında parladı
 


İki il ərzində "Şalke"də 30 oyun keçirən Özil 4,3 milyon avroya "Verder"ə transfer olundu. İki il ərzində Bremen təmsilçisinin formasında ümumilikdə 71 oyun keçirən Məsut 13 qola imza atmağı da bacardı. O, əynində daşıdığı 11 nömrəli forma ilə komandasının ən önəmli oyunçularından birinə çevrilmişdi.

Nəhayət 2010-cu ildə bütün dünyanın Məsutu tanımaq vaxtı gəldi. O, Almaniya millisinin heyətində dünya çempionatına yollandı və bütün diqqətləri üzərinə çəkməyi bacardı. Şübhəsiz, komandasının turnirdə üçüncü yeri tutmasında Məsutun töhfəsi çox böyük idi. 

2010-cu ildə keçirilən dünya çempionatında parlayan futbolçu sonradan 15 milyon avroya "Real”a transfer olundu. "Real” formasını geyən ilk türk əsilli oyunçu ünvanını qazanan Məsut kürəyindəki 10 rəqəmi ilə ona güvənənləri böyük sevinclərə qərq etməyi bacardı. İspaniyada üstün formasını davam etdirən Özil o zaman komanda yoldaşı Kriştiano Ronaldo ilə birlikdə tarixin ən yaxşı "Barselona”sına meydan oxudu və La Liqa çempionluğunu qazandı. Lakin o, gözlənilmədən Madridi tərk etdi və 50 milyon avro qarşılığında İngiltərə Premyer Liqasının köklü klublarından olan "Arsenal"a yollandı.

Futbol oynamaq onun üçün asan idi
 
 


İngiltərədə, xüsusən də asistləri ilə "Assist King" ("Ötürmələr kralı”) ləqəbini qazanmış futbolçu üçün 2014-cü il ən uğurlu oldu deyə bilərik. DÇ-2014-də Məsutu dünya futbol səhnəsinin ən yaxşı futbolçularından birinə çevirəcək məqamlar var idi. Almaniya millisinin ulduzu kimi meydana çıxan Məsut oyunu ilə hər kəsi heyran etdi. O, hər şeyi o qədər asan edirdi ki... Onu izləyən hər kəsə futbolun nə qədər asan olduğunu göstərirdi. Məsut topu ayağına alanda sanki hər kəsdə dünya çempionatını çox asanlıqla qazanmaq şansı varmış kimi fikir yaratmışdı. Çünki o, bacardıqlarını çox asanlıqla göstərən böyük futbolçu kimliyini artıq öz üzərinə götürmüşdü. 2014-cü ildə keçirilən dünya çempionatının kuboku Özilin əlində havaya yüksələndə onun necə bir rəvan futbolçu olduğu sübuta yetirildi. Dünya çempionatından sonra İngiltərəyəyə qayıdan oyunçu 2021-ci ilə qədər "Topçular” üçün mübarizə apardı.

Bəyənilmədiyi Türkiyəyə ulduz kimi qayıtdı
 


İngiltərədən ayrılma vaxtı çatanda onun adı nəhayət uşaqlıqda azarkeşlik etdiyi "Fənərbağça” ilə hallanırdı. "Sarı-lacəvidlilər”in gözlədiyi və mahnı bəstələdiyi Məsut 2021-ci ildə qış transfer dövründə bu klubla müqavilə imzaladı. Bununla da o,  uşaq vaxtı qapısından girməyə cəsarət etmədiyi "Fənərbağça”ya dünya ulduzu kimi qayıtdı. Ancaq Türkiyədəki macərası istədiyi kimi getmədi və müxtəlif zədə problemləri ilə mübarizə apardı. Buna baxmayaraq, o, "Fənərbaxça”nın əzəli rəqibi "Qalatasaray”a 2:1 hesabı ilə qalib gəldiyi səfər matçında vurduğu qolla yadda qaldı. "Fənərbağça”nın ardından Türkiyədə sonuncu dəfə "Başakşehir"in formasını geyinsə də, zədələr Məsutu rahat buraxmırdı.

Beləcə, nəhayət, martın 22-də 2023-cü il tarixləri göstərildikdə futbolçu karyerasını bitirdiyini açıqladı. Özilin Azərbaycana xüsusi sevgisi olduğu da bilinirdi. Ulduz futbolçu Qarabağda ermənilərlə olan münaqişələrdə daim Azərbaycana dəstəyini göstərirdi. Bu səbəbdən idi ki, 2019-cu ildə Bakıda keçirilən Avroliqanın finalında üz-üzə gələn "Arsenal” və "Çelsi” matçında azarkeşlər də ona sevgilərini bildirmişdilər. 

Hazırladı: Səbuhi Həsənov
Mənbə: "Goal”