Dünya 15:25 20.02.2023

Türkiyənin ən böyük xərci nəyə çıxacaq: 465 milyard bərpa üçün bəs edəcəkmi?

"Bu gün hamı Türkiyədə tikinti şirkətlərini ittiham edir ki, binalar tikinti qaydalarına uyğun tikilməyib. Yəqin ki, bundan sonra binalar tikinti qaydalarına uyğun tikiləcək. Bu da çox vəsait tələb edəcək. Hesab edirəm ki, Dünya Bankı bu qiymətlərlə hesablama aparıb”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov Türkiyədə zəlzələnin vurduğu zərəri tam aradan qaldırmaq üçün 465 milyard dollar pul lazım olması ilə bağlı Dünya Bankının açıqlamasına münasibət bildirərkən deyib. Ekspert hesablamanın bir neçə metodu olduğunu xatırladıb:



"İlk növbədə Türkiyənin infrastrukturuna dəyən ziyan hesablanmalıdır, dağılmış binaların sayı açıqlanmalıdır. Yeni binalar tikilib və zərər dəyən binalar bərpa olunmalıdır”. 

Əkrəm Həsənov hesab edir ki, bu, doğru rəqəmə oxşayır:

"Bundan əlavə orada həm də dağılan binalarda təmizləmə işləri aparılacaq. Bu da xeyli vəsait tələb edir. Türkiyənin ən böyük xərci burada olacaq. Bundan əlavə Türkiyənin dağılmış əraziləri ilə yanaşı, digər ərazilərində tikintilərin qayda-qanunla tikilməsini yoxlamaq məqsədi ilə yoxlamalar aparılacaq. Həmin binalar da yenidən tikilə və ya bərpa edilə bilər. Belə olan halda 465 milyardla iş bitməyəcək. Bütün ölkə üzrə aparılacaq tikintilərə görə pul tələb olubnacaq və bu Türkiyə üçün ciddi problem olacaq”.

Qeyd edək ki, Dünya Bankının açıqlamasına görə, Türkiyəyə zəlzələnin vurduğu zərəri tam aradan qaldırmaq üçün 465 milyard dollar pul lazım olacaq.

Bahar Rüstəmli