Dünya 17:17 19.05.2022

Ukrayna müharibəsi dünyanı dəyişdi, Qərb artıq siçan-pişik oyunundan imtina edib – Rauf Mirqədirov

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenkonun açıqlaması Kremlin Qarabağ probleminin həlli prosesini nəzarətinə almaq cəhdi kimi dəyərləndirilir. Söhbət Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirilə biləcəyi barədə açıqlamadan gedir.

Rudenko belə bir görüşün keçiriləcəyini istisna etməyib:

"Biz 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində üçtərəfli bəyanatların ən yüksək səviyyədə gerçəkləşdirilməsi üçün bütün səviyyələrdə sistemli işi davam etdiririk. Liderlər daimi təmasdadırlar. Əgər belə bir ehtiyac yaranarsa, üzbəüz görüşün təşkilini istisna etmirik. Mayın 12-də Düşənbədə Sergey Lavrov MDB Nazirlər Şurasının iclasında Azərbaycan və Ermənistandan olan həmkarları ilə danışıqların gedişində Bakı və Yerevan arasında münasibətlərin normallaşdırılması məsələlərinin bütün spektrini müzakirə edib”.
 


Brüssel görüşündən sonra Rudenkonun belə bir açıqlama ilə çıxış etməsi Moskvanın təşəbbüsü ələ almaq və Cənubi Qafqaz regionunda əsas oyunçu statusunu gücləndirməyə cəhd kimi yozulur.
 
Andrey Rudenkonun fikirlərini Qaynarinfo-ya şərh edən siyasi analitik Rauf Mirqədirov isə hesab edir ki, burada Rusiyanın prosesi nəzarətə götürmək cəhdindən söhbət gedə bilməz. Siyasi analitikin fikrincə, Rusiya sadəcə Qarabağ probleminin həlli prosesinin nəzarətindən çıxmasına imkan vermək istəmir.

"Moskvanın əsas məqsədi bundan ibarətdir. Çünki Rusiyanın  Ukraynaya təcavüzündən sonra dünya dəyişib. Artıq Moskva mövcud diplomatik kanallar və beynəlxalq formatlar vasitəsi ilə Qərbdəki partnyorların fəaliyyətini nəzarətdə saxlaya bilmir. Qərb bu qlobal qarşıdurmada siçan-pişik oyunundan imtina edib və regional münaqişələri Rusiya ilə birgə həll etmək istəmir”, - Rauf Mirqədirov bildirib. 

Siyası analitik bunun səbəblərini Qərbin regional konfliktlərə yanaşmasının dəyişməsi, eyni zamanda Cənubi Qafqaz regionunun mövcud qlobal qarşıdurmada əhəmiyyətinin artması ilə izah edir:

"Enerji daşıyıcılarının Qərb bazarlarına daşınması, həmçinin kommunikasiya baxımından regionumuzun əhəmiyyəti artıb. Daha doğrusu, Cənubi Qafqaz regionu artıq Qərb üçün həyat əhəmiyyət kəsb etməyə başlayıb. Bu baxımdan,  30 il müddətində aparılan siçan-pişik oyunundan imtina edilib”. 

Rauf Mirqədirov deyir ki, Rusiya aqressivliyini artırdıqca mövqeləri zəifləyir və Moskva özü də bunun fərqindədir:

"Baxın, artıq Azərbaycan rəsmiləri Qərbin ünvanına ittihamedici bəyanatlar səsləndirmir, əksinə Qərblə əməkdaşlıq barədə açıq danışmağa başlayıblar. Bu, əlbəttə ki,  Rusiyanın mövqelərinin zəifləməsi ilə əlaqədardır. Üç aya yaxındır davam edən müharibə Rusiyanın hərbi gücü barədə mifi dağıdıb.  Müharibənin növbəti mərhələsinin nəticəsindən asılı olmayaraq bu mif məhv edilib. Rusiya Ukrayanaya təcavüz edərkən 2-3 günlük müharibədən söhbət gedirdi. Amma artıq 3 aya yaxındır müharibə gedir və Rusiya elə ciddi nəticələr əldə edə bilməyib. Moskva hazırda faktiki olaraq anneksiya siyasəti yürütməyə çalışır. Amma yenə də müharibənin nəticələri göz qabağındadır. Rusiyanın təsir imkanları artıq minimuma enib. Moskva İsveç və  Finlandiyanın NATO-ya üzvlük məsələsində əvvəlcə hədə dilində danışırdısa, bu məsələ gerçəkləşmə mərhələsinə qədəm qoyandan sonra kifayət qədər yumşaq reaksiya verdi. Çünki artıq Rusiyanın  hərbi təhdidlərini o qədər ciddi təbqul etmirlər”. 

Rauf Mirqədirov hesab edir ki, Azərbaycan baş verənlərin fonunda kifayət qədər ağıllı siyasət yürüdür: "Rusiya-Ukrayna müharibəsinin nəticəsində çox şeylər dəyişə bilər. O cümlədən qlobal və regional təhlükəsizlik sistemləri təftiş oluna və yenisi yarana bilər. Azərbaycanda da çox gözəl anlayırlar ki, Rusiyanın təcrid olunması situativ hadisə deyil. Bu,  uzun  müddətli proses olacaq. Müharibə dayandırılsa belə, Rusiya ən yaxşı şərtlərlə sülh sazışina hazır olsa belə, təcrid siyasəti davam edəcək. Yəni, Rusiyanın beynəlxalq münasibətlərin tam hüquqlu iştirakçısına və etimad gəstərilən tərəfdaşa çevrilməsi çətin olacaq. Azərbaycan da çalışır ki, uduzan tərəf olmasın”. 

Seyid