Dünya 14:03 22.04.2023

"Ukrayna müharibəsi Trampın iddiası qədər bəsit məsələ deyil" - Politoloq

"Tramp bizneslə məşğul olsa, daha uyğun olar. Çünki bu məsələdə onun başı daha rahat işləti. Siyasət, geosiyasət, dövlət adamlığı Trampın boynunu aşan məsələlərdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ-ın sabiq prezidenti Donald Trampın "Vaşinqton Əfqanıstandan çıxmasaydı, Rusiyanın Ukraynaya hücum etməyə cürət etməyəcəyi" barədə səsləndirdiyi iddiasını şərh edərkən deyib.

"Bunu birmənalı olaraq iddia etmək yalnız Trampın düşüncə tərzinin məhsulu ola bilər. Əfqanıstandan ABŞ qoşunlarının çıxması heç də onun zəifliyi və Rusiyanın da bundan istifadə edərək, Ukraynaya hərbi müdaxiləsinə əsas verməsi anlamına gəlmir. ABŞ-ın Əfqanıstandan çıxması geosiyasi məqsədlə atılan addım idi. ABŞ regionu terror bölgəsinə çevirməklə Asiyada Çini zəiflətmək istəyib”, deyə Natiq Miri bildirib.



Ekspert bildirir ki, Ukrayna müharibəsi də Trampın iddiası qədər də bəsit məsələ deyil: 

"Rusiya Qərbi Gürcüstan müharibəsində test etmişdi. Kreml rəhbərliyinin Ukrayna ilə bağlı yanlış qərarına səbəb olan amillərdən biri də bu idi. Moskva düşünürdü ki, 2008-ci ildə Gürcüstanda, 2014-cü ildə Ukraynada olduğu kimi bu dəfə də anoloji məkanda Qərb səsini çıxarmayaraq, bəzi cüzi sanksiyalarla prosesi yola verəcək. Ukraynanı müdafiə etmək Qərb üçün öz gələcəyi naminə bir məcburiyyət idi. Düşünmürəm ki, bu birbaşa Əfqanstan hadisəsilə əlaqəli olub. Bu da Rusiyanın yanlışlığa yol verdiyini göstərir". 

Qeyd edək ki, Donald Tramp ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasının Vaşinqtonun Moskva üçün zəifliyinə işarə olduğu və bunun nəticəsi olaraq Rusiya prezidenti Vladimir Putinin Ukraynada hərbi əməliyyata başladığı barədə iddia ilə çıxış edib. 

Rüfət Sultan