Dünya 12:23 21.06.2022

Ukrayna yüksək ranqlı məmurların daxil olduğu FTX casus şəbəkəsini ifşa etdi

Ukrayna Təhlükəsizlik Xidməti kəşfiyyat və təxribat fəaliyyəti həyata keçirən Ukrayna Nazirlər Kabinetinin və Ticarət-Sənaye Palatasının məmurlarının daxil olduğu FTX casus şəbəkəsini ifşa edib.

Qaynarinfo xəbər verir ki, bu barədə UTX-nin mətbuat xidməti öz Telegram-kanalında məlumat yayıb.

Agent şəbəkəsini zərərsizləşdirmək üçün Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatı çoxmərhələli xüsusi əməliyyat keçirib, nəticədə Kiyevdə Nazirlər Kabineti Katibliyinin şöbə müdiri və Palatanın idarələrindən birinin rəhbəri saxlanılıb.
Bu məmurlar Rusiya tərəfinə müdafiə vəziyyətindən tutmuş dövlət sərhədinin təşkilinə və Ukrayna hüquq-mühafizə orqanları əməkdaşlarının şəxsi məlumatlarına qədər müxtəlif kəşfiyyat məlumatları ötürüblər.

Rus kuratorlar məlumat müqabilində həmin şəxslərə hər tapşırıq üçün 2-15 min dollar arasında pul ödəyiblər. Məbləğlər toplanmış məlumatların məxfilik səviyyəsindən və əhəmiyyətindən asılı olub.

UTX müstəntiqləri hər iki təqsirləndirilənə Ukrayna Cinayət Məcəlləsinin 111-ci maddəsi (dövlətə xəyanət) üzrə ittiham irəli sürüblər.

Məhkəmə onların barəsində həbs-qəti imkan tədbiri seçib.

Nizami Bağırov