Video 17:46 28.03.2023

Ukraynalı hərbçi təkbaşına bir rus BMP-sini və 11 əsgərdən dördünü məhv etdi (VİDEO)

Ukrayna Silahlı qüvvələrinin Baş komandanı Valeri Zalujnı İvan Sirko adına 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın baş əsgəri Ruslan Zubarevi "Qızıl xaç” ordeni ilə təltif edib və ona mükafat olaraq yeni silah təqdim edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Ukrainska pravda” məlumat yayıb.

"Mən İvan Sirko adına 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın baş əsgəri Ruslan Zubarevi "Qızıl xaç” fərqlənmə nişanı ilə təltif etmək və ona layiqli mükafat olaraq yeni silah təqdim etmək şərəfinə nail oldum. Ruslan sayca üstün düşmən qüvvələrinin hücumunu dəf edib, döyüşdə şücaət və qəhrəmanlıq göstərib”, - Zalujnı Teleqram kanalında yazıb.
 
2023-cü il fevralın 16-da əsgər Svatov istiqamətində rusiyalılarla təmas döyüşündə iştirak edib. "Yırtıcı” ləqəbli əsgər bütün prosesi lentə alıb və özünün "PREDATOR” Telegram kanalında yayımlayıb.

30 dəqiqəlik döyüşdə 21 yaşlı döyüşçü Rusiya BMP-2-ni və bir neçə rusiyalı hərbçisini məhv etməyi bacarıb. Səngərdən əsgər müxtəlif növ silahlardan (RPQ-7, qumbaraatan, pulemyot və avtomat) atəş açır. 

"Yırtıcı” işğalçıların 11 nəfərdən ibarət olduğunu və 70 metr aralıda düşmən mövqeləri olduğu üçün əlavə qüvvələrin onlara yaxınlaşa biləcəyini bildirib.

Müdafiəçilərin köməyinə Ukrayna minaatanları və piyadaların döyüş maşınları gəlib. Nəticədə ukraynalı döyüşçülər öz mövqelərini qoruyub saxlaya bilib və düşməni geri çəkilməyə məcbur ediblər.

Döyüş zamanı hərbçinin əsgər yoldaşı kontuziya alıb. Ukraynalı döyüşçülər arasında itki olmayıb, rusiyalılar arasında ən azı 4 nəfər ölüb.

Daha sonra Zubarev həmin döyüş haqqında ayrıca danışıb:
 
"Adi günlərdən biri idi. Yoldaşımla mövqeyimizi tutduq, saat yarım dayandıq, dəyişməyə və dincəlməyə yarım saat qalırdı, amma birdən BMP-2-nin səsini eşitdik.
 
Uzaq bir yerdə olduğunu düşünsək də, şəxsən mən, buna baxmayaraq, tank əleyhinə silahlar hazırlamağa qərar verdim, sözün əsl mənasında 10 saniyədən sonra ratsiya ilə bizə çıxdılar və həmin BMP-2-nin bizim istiqamətə hərəkət etdiyini xəbərdar etməyə çalışdılar.

Ratsiyadan bizə nə dediklərini həqiqətən başa düşmədik, çünki ruslar rabitəni kəsmək üçün vasitələrdən istifadə edirdilər, ratsiya ilə bizə xəbəri təkrarlayanda artıq həmin texnika bizdən artıq 5 metr aralıdadı idi və videoda gördüyümüz şeylər başladı.

Sonda hücumu dəf etdik, sağ qala bilənlər qaçdı. Qalanları isə yerdəcə qaldılar. 

Əsgər yoldaşım qaydasındadır, həmin anda onun artıq kontuziyası var idi, amma yenə də mənə kömək edə bildi, dediyim hər şeyi etdi, qulaq asdı və əmrlərimi yerinə yetirdi, buna görə ona çox sağ ol deyirəm”. 

Zubarevin sözlərinə görə, Zalujnı onu M4 avtomat ilə mükafatlandırıb. Bundan əvvəl "yırtıcı"nın AK-47-si olub.

Nizami Bağırov