Ölkə 11:50 12.08.2022

Un qıtlığı və unun satışdan yığışdırılması...- Şirkətlər nə deyir?

"Un qıtlığı və unun satışdan yığışdırılması ilə bağlı deyilənlər əsassızdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Dəvəçi-Dəyirman” Məhdud Məsuliyyətli Cəmiyyətdən sosial şəbəkələr və mətbuatda un qıtlığı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirilib. Şirkətdən verilən məlumata görə, "Dəvəçi-Dəyiram” gündəlik nə qədər un istehsal edirdisə, bu gün də şirkətdə o qədər məhsul istehsal olunur:
 
"Xalq arasında unun bahalaşması ilə bağlı panika yayılıb. Bu məsələdə xalqa düzgün istiqamət verib, maarifləndirmək lazımdır. Bahalaşma ümumi və qlobal məsələdir və hazırda bütün dünyada bu proses gedir. Biz gündəlik nə qədər un istehsal edirdiksə, bu gün də şirkətdə o qədər məhsul istehsal olunur. Müştərilərlə bağlanılan müqavilələr tam ödənilir. 50 kloqramlıq un kisələrinin topdansatış qiyməti 35 manat 90 qəpikdir. 10 kloqramlıq un kisələri isə 7 manat 30 qəpiyə satılır. Bir ay bundan əvvəl hansı qiymətə satılırdısa, bu gün də həmin qiymətə satılır. Bizdən alınan 50 kloqramlıq un kisələri mağazalarda 37 manta satılır. Amma biz satışa nəzarət edə bilmərik”.

"Karat” Holdinq Məhdud Məsuliyyətli Cəmiyyətindən də un satışı və istehsalı ilə bağlı heç bir problemin olmadığı vurğulanıb:

"İndi isə şirkərdə müvəqqəti olaraq dizenfeksiya işləri aparılır. 50 kloluq un kisələrinin qiymətinə gəlincə, deyilənlər həqiqətə uyğun deyil. Hazırda şirkətin istehsalı olan 50 kloqramlıq un kisələri topdansatışda 35 manat 90 qəpiyə satılır”. 
 
"Xırman” MMC də deyir ki, Azərbaycanda heç bir un məhsullarının qıtlığı hiss oluna bilməz:
 
"Danışılanlar şaiyədir. Biz də bu cəmiyyətin bir üzvüyük. Belə bir hal yoxdur, ola da bilməz. Bizdə un qıtlığı olaraq heç bir problem yoxdur. Biz istehsalçı təşkilatıq, elektron qayimə var. Kim istəsə, qiymətlərlə maraqlana bilər. 50 kloqramlıq un kisələri topdansatışda 35 manat 90 qəpiyə satılır. Ola bilər ki, unun qiymətini mağaza sahibləri qaldırır. Biz bir istehlakçı olaraq unun qiymətinin qaldırılmasının, yaxud da satışdan yığışdırılmasının şahidi olmamışıq. Ailə üzvlərim mağazadan 50 kloqramlıq un kisəsini 38 manat 50 qəpiyə alıblar. Qiymətdə dəyişiklik yoxdur, elə bir ay bundan əvvəl də həmin bu qiymətə satılıb”.
 
Qeyd edək ki, son vaxtlar unun qiymətinin bahalaşacağı haqda gəzən xəbərlərin ardından ölkəmizin bir sıra bölgələrində un qıtlığı yaranıb. Zaqatala, Balakən, Qax, Şəki rayonlarında son bir həftədir un qıtlığı var. Sakinlər bildirirlər ki, satış nöqtələrində un tapmırlar. Vətəndaşlar bunun səbəbini unun qiymətinin qalxacağı ilə əlaqələndirirlər.

Bahar Rüstəmli