Ölkə 15:01 23.05.2023

Şuşada tunellər, Ağdamda xan nəslinə aid qəbirlər tapıldı

"Şuşa şəhərində çox sayda tunellər aşkarlanıb”.

Bunu "Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademisyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov deyib.

Onun sözlərinə görə, arxeoloqlar həmin ərazilərə təcili şəkildə ezam olunublar:

"Onların mahiyyətini, dövrünü araşdırıblar. Biz bütün digər məsələlərlə bağlı məlumatı yəqin ki, 1-2 aydan sonra ictimaiyyətlə bölüşəcəyik”.

Abbas Seyidov deyib ki, Ağdamda İmarət adlanan ərazidə xan nəslinə aid 30-dan artıq qəbir çıxarılıb. Onun sözlərinə görə, hazırda arxeoloqlarımız 50 günə yaxındır Ağdamda xan nəslinin dəfn olunduğu İmarət adlanan ərazidə işləyirlər:

"Demək olar ki, İmarətin bütün ərazisi, 1000 kvadrat metrdən artıq sahə qazılıb. Orada xan nəslinə aid 30-dan artıq qəbir çıxarılıb. Qalanlarının da çıxarılması istiqamətində işlər davam etdirilir”.