Ölkə 15:30 13.08.2022

Şuşanın gələcəyi ilə bağlı mühüm qərar (ŞƏRH)

Nazirlər Kabineti "Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin Siyahısı”nı təsdiqləyib. Sənədə əsasən, Şuşa şəhəri ərazisində 35 növ sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağan olunub. Bu siyahıya bitkiçilik, heyvandarlıq, ovçuluq, barama, arı balı istehsalı, daş kömür, neft, qaz hasilatı, alkoqolsuz içkilər istisna olmaqla içki, tütün, kağız, karton, kimya, metallurgiya, maşın və avadanlıq istehsalı, tullantıların emalı kimi sahələr daxildir. 

Xatırladaq ki, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Bundan başqa, şəhər və onun ətrafı turizmin inkişafı, turistlərin cəlbi üçün olduqca əlverişli məkandır. Bu mənada Şuşada turizmin inkişaf etdirilməsi də nəzərdə tutulur. Adətən turistlər də ekoloji cəhətdən təmiz məkanlarda istirahət etməyə üstünlük verir. 

Şuşa şəhəri ərazisində bəzi sahibkarlıq fəaliyyəti növləri niyə qadağan edilib? Hansı amillər belə bir qərarın verilməsinə rəvac verib? 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən "Liberal İqtisadçılar” Mərkəzinin sədri Akif Nəsirli düşünür ki, Şuşada bəzi sahibkarlıq növlərinin fəaliyyətinə qadağa qoyulması şəhərdə məskunlaşma səviyyəsini minimuma endirəcək:



"Həyatı vacib sahibkarlıq növlərinin fəaliyyəti də Şuşada qadağandır. Bu, Şuşada məskunlaşmanı məhdudlaşdırmaq üçün verilən qərardır. Nazirlər Kabinetinin bu qərarı ilə sanki Şuşanı muzey kimi saxlamağa qərar verdi. Bu şəhərdə çoxsaylı tarixi abidələr var. Onlara ziyan dəyməməsi üçün hansısa müəyyən qadağaların olması düzgün qərardır, lakin bu məsələ qanunvericilikdə öz əksini tapıb. Ona görə də belə bir qərara ehtiyac yox idi”. 

"Təmiz Şəhər” ASC-nin mətbuat xidməti rəhbəri Orxan Cabbarov isə bildirir ki, Şuşanın relyef şəraiti və şəhərin memarlıq xüsusiyyətlərinin pozulmasına yol verməmək üçün ərazidə həmin tarazlığı poza biləcək bir sıra sahibkarlıq növlərinin fəaliyyətinə icazə verilməyib:

"Elə ərazilər var ki, o ərazilərdə ekologiyaya bu və ya digər dərəcədə ziyan vuran müəssisələrin, istehsal sahələrinin yaradılması məqsədəuyğun deyil. Adətən tullantıların idarə olunması üzrə müəssisələrin şəhərdən bir qədər kənarda və ətraf mühitə minimum təsiri olan ərazilərdə yerləşdirilməsi nəzərdə tutulur. Bu mənada Şuşa şəhəri də bildiyimiz kimi, Azərbaycanın mədəniyyət mərkəzi və turizm şəhəridir. Şəhərdə birbaşa tullantıların emalı və ekoloji mühitə ziyan vuran digər sahibkarlıq fəaliyyətilə məşğul olmaq Azərbaycan üçün əlverişli deyil. Şuşanın relyef şəraiti və şəhərin memarlıq xüsusiyyətləri imkan vermir ki, orada həmin tarazlığı pozacaq sahibkarlıq sahələrinin fəaliyyətinə icazə verilsin”. 

Rüfət Sultan