Siyasət 16:26 15.02.2023

Vardanyan Qarabağa niyə qayıtdı? - Politoloq

"Moskva Vardanyanın Qarabağda qalmasında maraqlıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev qondarma rejimin "dövlət naziri” Ruben Vardanyanın bir həftə əvvəl gizlin şəkildə Moskvaya qaçmasını və yenidən Xankəndiyə qayıdışını şərh edərkən deyib.
 
"Vardanyandan öncə Araik Arutyunyan da Moskvaya çağırılmışdı. Görünür, hər ikisinin çağrılma məqsədi eynidir. Kreml Qarabağda baş verən prosesləri həm də onların aspektində dəyərləndirmək istəyir. Yeri gəlmişkən, Azərbaycan və Rusiya prezidentləri arasında da telefon danışığı olub. Mümkündür ki, telefon danışığının məğzi Vardanyanın geri dönməsilə bağlıdır. Rəsmi Bakı Vardanyan və Arutyunyanın tez bir zamanda ərazini tərk etməsini tələb edir. Bunu da Moskvadan istəyir. Çünki həmin şəxslər təlimatı Rusiyadan alır. Belə bir istəyimiz baş tutmayacağı təqdirdə, Azərbaycan tərəfinin yaxın aylarda antiterror əməliyyatının şahidi ola bilərik. Bakı həmin məsələdə qərarlı olduğunu nümayiş etdirir”, deyə Turan Rzayev bildirib. 
 


Ekspert qeyd edib ki, Vardanyan Rusiyanın daha çox Ermənistana təzyiq vasitəsi olaraq ortaya atılıb:
 
"Lakin görünür, hələlik o, Ermənistanda hakimiyyətə gəlmək imkanına malik deyil. Bundan öncə Rusiya Ermənistanda siyasi prosesləri hazırlamalıdır. Ona görə də, hələlik Moskva Vardanyanın Qarabağda qalmasının tərəfdarıdır. Bütün hallarda, o, Ermənistan üçün hazırlanan aktordur. Məqam yetişənə qədər Rusiya onun Qarabağda qalmasını, bununla həm də Bakını bir qədər ehtiyatlı davranmağa vadar etmək istəyir. Amma Bakı Rusiyanın bu cür ucuz siyasi həmlələrinə razı olmayacaq”. 

Rüfət Sultan