İdman 17:49 29.05.2023

Vəli Qasımov: “Təki Premyer Liqada 12 komanda olsun”

Azərbaycan Premyer Liqasında cari mövsüm də başa çatdı. Əvvəldən gözlənildiyi kimi, "Qarabağ” çempionluğu qazandı və Çempionlar Liqasında ölkəmizi təmsil edəcək. Digərlərindən ikinci pillənin sahibi "Sabah” Ağdam komandasına "diş göstərməyə” çalışdı və gümüş medalları təmin etdi. Hər kəsin maraqla necə çıxış edəcəyini gözlədiyi "Neftçi” isə yenə ümidləri doğrultmadı. Düzdür, komanda üçüncü oldu, kuboku qazanmaq şansı da qalır. Ancaq "Neftçi”nin azarkeşlərinin istədiyi yeganə titul çempionluq olduğu üçün bu medalların onlar üçün elə də böyük əhəmiyyəti yoxdur.

Azərbaycanın tanınmış mütəxəssislərindən olan Vəli Qasımov Qaynarinfo-ya açıqlamasında mövsümü dəyərləndirib:

"10 komandanın iştirakı çox yaxşı oldu. "Şamaxı”nın sırf azərbaycanlı futbolçularla oynamasının da futbolumuza xeyri oldu. Baxmayaraq ki, sonuncu pilləni tutdular, digər rəqiblərlə mübarizə apardılar. Pis o oldu ki, "Şamaxı” Premyer Liqadan düşdü. Çempionatda 4-cü pilləni tutan və Konfrans Liqasına növbəti vəsiqəni qazanan komandanın son turda müəyyənləşməsi maraqlı idi. İlk "üçlük”də olan komandalar yer məsələsi tez-bazar həll olundu. "Qarabağ” bu il də sübut etdi ki, hamıdan güclüdür. Ümumilikdə çempionatın marağı artıb. Təki növbəti mövsüm Premyer Liqada 12 komanda olsun. Bilirəm, çətindir, amma bunu etməyin yolları var. Birinci Diviziondan iki komanda da gəlsə maraqlı olar. "Şamaxı”nın sırf azərbaycanlılarla oynaması çox yaxşı haldır. Əlavə iki komanda gəlsə və azərbaycanlılara üstünlük versə, daha maraqlı, həm də büdcə baxımından sərfəli olar. Bu arzumuzdur. Nə qərar verəcəklər, yaxınlarda görəcəyik. Bu, reqlamentin pozulması deyil. Keçən il 10 komanda etmişdilər. Bu il büdcə ayırıb sayı 12-yə qaldırmaq mümkündür. Digər klublar öz layihələrini davam etdirirlər. Yeni gələnlər də azərbaycanlılara üstünlük versə, hər komandadan 3-4 futbolçu çıxar. Bu da millilərimizə fayda verər. Hazırda U-21-in bəzi üzvləri Birinci Divizionda oynayır”.

Qasımov hələ ki, Premyer Liqada ciddi inkişaf görmədiyini deyir:

"İstədiyimiz kimi deyil. Nə qədər çox komanda oynasa, yaxşıdır. Amma əksəriyyətinin vəziyyəti  elədir ki, heç Birinci Divizionda oynaya bilmirlər. Yavaş-yavaş rayonlarda maraq artması üçün AFFA hər şeyi fikirləşib və dəstək vermək istəyir. Ancaq büdcə artırılmalıdır”.

Veteran futbolçu "Neftçi”yə də ayrıca toxundu. O, transferlərin lazımi səviyyədə olmadığını və məşqçi işi görmədiyini sözlərinə əlavə etdi. Həmçinin Azərbaycan Kubokunun finalı ilə bağlı da gözləntilərini dedi:

"Sabah” yeni komandadır. Qısa müddətdə çempionatda özlərini göstərdilər. İstədiklərini həyata keçirdilər, Konfrans Liqasına vəsiqə qazandılar. Düzdür, büdcələri fərqlidir və buna imkanları çatdı. Amma digərlərində belə deyil. Hərə öz yerini tapdı. "Qarabağ” öz oyunu ilə birinci oldu. "Sabah” bəzi oyunlarda qeyri-sabitlik  göstərdi deyə ikinci yeri tutdu. "Neftçi” hamımızın ürəyidir. Uşaqlıqdan "Neftçi”ni tanımışıq. Bu il istədiyimiz həmin komandanı, çempionluq iddiasını, rəqibləri ilə yaxşı mübarizə apardığını görmədik. Çox qeyri-sabit oynadı. İlk növbədə transferlər "Neftçi”yə ziyan vurdu. Transfer etdikləri futbolçuların, demək olar, yarısı komandanın səviyyəsinə uyğun deyildi və oynaya bilmədi. Lazımsız oyunçular gətirdilər, bəziləri özlərini göstərə bilmədi. Məncə, transfer siyasəti düzgün aparılmadı. Hər dəfə fərqli oyunçular oynadırdılar. Həm də sırf şəxsi fikrimdir, oyun sistemində stabillik yox idi. Baş məşqçinin sistemini anlamadım. Fikrimcə, necə gəldi oynayırdılar. "Neftçi”nin baş məşqçisinin dəyişilməli olduğunu desəm, bir qədər pis çıxar. Onun haqqında klub rəhbərliyi qərar verə bilər. Mən müşahidələrimin nəticəsindən danışdım. İstədiyimiz komandanı görmədik. Düzdür, Azərbaycan Kubokunun finalına yüksəldi. Hardasa bəxti gətirdi, sırf gözəl oyunla finala çıxdığını görmədim. "Qəbələ” isə büdcəsi müqabilində oyunu ilə özünü yaxşı tərəfdən göstərdi. Finalda kim güclüdürsə, o da udacaq. Final sonuncu oyundur, necə olacağını əvvəlcədən bilmək çətindir. Hər ikisinə uğurlar arzulayıram. Güclü olan qalib gəlsin və futbol azarkeşlərini sevindirən oyun göstərsinlər”.

Mövsümün sonuna yaxın "Qəbələ” və "Zirə” arasında dördüncü yer uğrunda maraqlı mübarizə getdi. Sonda bölgə təmsilçisi istədiyini qazandı. Mütəxəssis hər iki komandanı müqayisə etdi:

"Qəbələ”nin aldığı futbolçular, demək olar, bütün oyunlarda stabillik göstərdi. "Zirə” bəlkə də "Qəbələ”dən daha yaxşı tarnsferlər etmişdi. Amma istədikləri oyunu göstərə bilmədilər. Ona görə də beşinci oldular. "Zirə”nin futbolçuları yaxşı idi, lakin meydanda kollektiv oyun göstərməyi bacarmadılar. Deyə bilmərəm bu baş məşqçi ilə əlaqədardır, ya yox. Çünki klubun içində deyiləm və onun işini yaxından izləməmişəm. Təkcə nəticələrə görə məşqçini günahlandırmaq bir qədər düz deyil. Bəlkə də futbolçular onun dediklərini yerinə yetirməkdə çətinlik çəkib”.

"Futbolçulardan kimi fərqləndirərdiniz” sualına keçmiş futbolçu bu cür cavab verdi:

"Heç vaxt kiminsə adını çəkməyi xoşlamamışam. Bəzi oyunçular var ki, millidə özlərini yaxşı tərəfdən göstərdilər. Ad çəkmək istəməzdim. Ümumiyyətlə, bu il hansısa futbolçunun güclü şəkildə digərlərindən fərqləndiyini görmədim. Amma maraqlı, gənc oyunçularımız var”.

Səbuhi Həsənov