Dünya 13:46 12.12.2022

Vuçiç Kosovodakı vəziyyətə görə dekabrın 11-ni özünün ən ağır gün adlandırdı

Serbiya Prezidenti Aleksandr Vuçiç hesab edir ki, dekabrın 11-i onun dövlət başçısı kimi ən çətin günü olub. Onun fikrincə, Priştina hakimiyyəti Kosovodakı "serb problemi”nə son qoymağa çalışır, beynəlxalq ictimaiyyət isə buna əhəmiyyət vermir.

"Biz divara dirənmişik. Mənim üçün bu, Serbiya Respublikasının Prezidenti və ya Baş Naziri olduğumdan bəri ən ağır gündür və yəqin ki, məni ən ağır gecə gözləyir”, - deyə Vuçiç Serbiyanın Radio və Televiziyası efirində bildirib.

Milli Təhlükəsizlik Şurasının iclasından sonra prezident serbləri Aİ-nin Qanunun aliliyi missiyasının (EULEX) və NATO KFOR kontingentinin şəxsi heyətinə toxunmamağa çağırıb. Onun sözlərinə görə, KFOR komandiri Serbiyanı əmin edib ki, NATO Kosovo polisinin vilayətin şimalını işğal etməyə icazə verməyəcək. "Ancaq bunun baş verib-verməyəcəyini heç kim dəqiq deyə bilməz”, - Vuçiç əlavə edib. Digər məsələlərlə yanaşı, o, serbləri və albanları sülhü qorumağa çağırıb, ABŞ və Priştinanı isə müqavilələrə əməl etməməkdə ittiham edib.

Kosovonun şimalında daha bir gərginlik dekabrın 10-da keçmiş serb polisi Deyan Pantiçin Kosovo hüquq-mühafizə orqanları tərəfindən saxlanılması fonunda baş verib. Serb əhalisi buna cavab olaraq yollarda barrikadalar quraraq etiraz aksiyalarına çıxıb. EULEX və KFOR nümayəndələri barrikadalara gəliblər. Kosovonun baş naziri Albin Kurti bazar günü axşama qədər barrikadaların sökülməsini tələb edib.

Nizami Bağırov