Dünya 20:49 13.08.2022

Xamenei öləndən sonra yerinə kim keçəcək? - İran müzakirə edir

İranın keçmiş prezidenti və bu ölkənin islahatçılarının lideri Məhəmməd Xatəmi mərkəzləşdirilmiş fərdi hakimiyyətlə xalqın məmnunluğu arasındakı əlaqəni şərh edib.

Qaynarinfo bu barədə BBC-nin fars bölməsinə istinadən xəbər verir.

Xatəminin sözləri keçmiş baş nazir Mirhüseyn Musəvinin mübahisəli sözlərindən və onun "İranda rəhbərliyin irsi varisliyi ilə bağlı xəbərdarlığından” sonra diqqət çəkib.

Xatəmi "Teleqram"da dərc etdiyi kinayəli mesajda yazır: 

"İnsan qrup halında yaşayır, sonra mütəşəkkil gücə malik bir hakimiyyət meydana çıxır və sabitləşir. Əsas hakimiyyətin xalqa məxsus və xalqın nəzarəti altında olmasıdır, lakin mərkəzləşdirilmiş hakimiyyət və fərdi hökumətin mövcudluğu ölkədə demokratiya və azadlıq ruhuna ziddir".

Adı çəkilməsə də, Xatəminin bu sözlərinin açıq-aşkar İranın dini rəhbəri Ali Xameneiyə mesaj olduğu deyilir.

Qeyd edilir ki, on ildən artıqdır ev dustaqlığında olan iranlı islahatçı siyasətçi Mirhüseyn Musəvinin tərəfdarlarına aid olan "Kələmə" saytı bir neçə gün bundan öncə onun İran da "Rəhbərliyin irsi varisliyi haqqında” adlı yeni məqaləsini dərc edib. 

Həmin məqalədə keçmiş baş nazir Musəvi İran rəhbərinin oğlu Müctəba Xameneinin atası Əli Xamneinin ölümündən sonra rəhbər vəzifədə davam edəcəyini göstərən pıçıltılarla bağlı xəbərdarlıq edib.

Aydın