Dünya 19:10 24.02.2023

Yaponiya BMT TŞ-də islahat aparılmasını istəyir: Rusiya heç nəyə məhəl qoymur...

Yaponiya BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını, eləcə də BMT Baş Assambleyasının rolunun gücləndirilməsini zəruri hesab edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının Ukraynadakı vəziyyətlə bağlı xüsusi sessiyasında çıxışı zamanı Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi deyib.

O, Rusiyanı BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə etməkdə ittiham edib.

Hayaşinin fikrincə, BMT-yə "etimadı bərpa etmək” lazımdır. O, Rusiyanın Ukraynadakı hərəkətlərini tənqid edərək, Rusiya tərəfini BMT Baş Assambleyasının qətnamələrinə ümumiyyətlə məhəl qoymamaqda ittiham edib. "Görünür, Rusiya BMT Baş Assambleyasının qətnamələrinə məhəl qoymur, sanki onlar işlənmiş kağız parçalarıdır", - nazir bildirib. 

Nazirin sözlərinə görə, Rusiya həm də nüvə dövləti statusundan sui-istifadə edir. Yoşimasa Hayaşi deyib: "Biz heç Rusiyanın nüvə silahından istifadə hədə-qorxusuna dözə bilmərik, o ki qaldı istifadənin özünə”. 

Xatırladaq ki, bundan əvvəl 2022-ci ilin dekabrında Hindistan da BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırış edib. Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarın sözlərinə görə, Latın Amerikası, Afrika və Asiya ölkələri Təhlükəsizlik Şurasında təmsil olunmalıdır. Oxşar təklifləri Türkiyənin prezienti Rəcəb Tayyib Ərdoğan da səsləndirib.

Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda bəzi ölkələr Rusiyanın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvülüyündn (Rusiya Federasiyasından başqa, Çin, ABŞ, Fransa və Böyük Britaniya) çıxarılmasını tələb edir. Birləşmiş Ştatlar etiraf edir ki, hələlik Rusiyanın oradan çıxarılması ehtimalını görmür. Avropa Şurasının prezidenti Şarl Mişel Rusiya Federasiyasının üzvlülükdən çıxarılması deyil, dayandırılması təklifini verib. BMT baş katibinin ofisi hesab edir ki, Rusiyanı kənarlaşdırmaq çağırışları "sülhə töhfə vermir”.

Nizami Bağırov