İdman 14:33 05.03.2022

“Kəpəz” Azərbaycan futboluna qayıdır: Yaşar Vahabzadə ilə müsahibə

AFFA-nın İcraiyyə Komitəsinin növbəti mövsümdə Premyer Liqada 10 komanda olması ilə bağlı qərarından sonra "Kəpəz” üçün də ümidlər artmaqdadır. Komanda hazırda turnir cədvəlinin 4-cü pilləsində yer alıb. Yəni, çempionluq şansları da digər tərəfdən bir neçə gün öncə qurumun Gənəcədə yeni meydançalar istifadəyə verməsi, Elxan Məmmədovun bölgəyə səfəri və klubun Premyer Liqaya gətiriləcəyi haqda söz-söhbətlər yəqin ki, komandanın oyununa da təsirsiz ötüşməyib...

"Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə Qaynarinfo-ya müsahibəsində komandasının durumu və qarşıdakı planlarla bağlı danışıb.

- "Kəpəz” sonuncu oyunda "Qarabağ-2”-yə məğlub oldu...

- Hər şey normaldır. Düzdür, sonuncu oyunda zəif çıxış etdik deyə uduzduq. Oyunun təkrarına müəllimlərlə baxırıq, analiz edirik. İtkilərimiz vardı. Əsas heyətimizin 5 üzvü yox idi. Bu, bəhanə deyil, amma ümumilikdə oyunu zəif keçirdik. Statistikaya baxırıq. Hazırlaşırıq, məşqlər gedir. Ab-hava normaldır. Uşaqlar da bilirlər ki, nəticə, yaxşı yerlər uğrunda mübarizə aparmaq lazımdır. 

- "Kəpəz” hazırda 4-cü pillədədir. Komandanızın çempionluq şansları haqda nə deyə bilərsiniz? Nəyə ümid edirsiniz?

- 2-4-cü yerlər arasında 1 xal fərq var. Yalnız "Qaradağ Lökbatan”dan bir qədər geriyə düşmüşük. Çempionluq məsələsinə gəlincə, mövsüm başlayanda bildirmişdim ki, çalışacağıq yüksək yerlərdən birini tutaq. Yenə işimizi davam etdiririk. 

- Mövsümün əvvəlində hədəf çempionluq idi?

- Xeyr, bilirsiniz necədir? Bu il bizdən çox oyunçular getdi, yeniləri gəldi. Komandanı formalaşdırdıq. Çətinliklər var idi. Zədəlilər var ki, komandaya kömək edə bilmirlər. Hansı ki, onlara ümidimiz böyük idi. Qırmızı vərəqə ilə cəzalandırılan oyunçularımız oldu. Fikirləşirəm ki, gələcək oyunlarda bu çətinlikləri geridə qoyacağıq. 

- Cavid İmamverdiyevin durmu necədir?

- Əməliyyat olunub. 10-15 günə fərdi məşqlərə başlamalıdır. Hər halda çalışacağıq ki, onu bərpa edək, komandaya faydası dəysin. Amma ondan başqa da əsas heyətdə aparıcı oyunçularımız var. Hansı ki, son oyunlarda zədəyə, qırmızı vərəqələrə və sair problemlərə görə meydançada ola bilmədilər. Elə futbolçumuz var ki, ilk dövrədə bütün oyunlarda meydanda olub, amma indi kömək edə bilmir. Növbəti turdan sonra yığmaların oyununa görə boşluqlar yaranacaq. Fikrimcə, həmin  vaxta kimi oyunçularımız sağalar.

- İcraiyyə Komitəsinin növbəti mövsüm Premyer Liqada komandaların sayının 10-a çıxarılması ilə bağlı qərarlarından sonra "Kəpəz” üçün ümidlər necədir?

- İndidən nəsə deyə bilmərəm. Amma məşqçi kimi futbolun bölgələrimizdə olmasının vacibliyini düşünürəm. Gəncədə, Tovuzda futbol olmalıdır. Bu bölgələrdə ənənə var. O cümlədən Zaqatalada, Mingəçevirdə də futbol olmalıdır. Bakıda olan digər komandalar da rayonlara səfərə gedərlər. O, futbolçular üçün motivasiya olar. Həm də bölgələrdəki oyunlarda azarkeşlər bilirsiniz ki, çox olur. Bu nöqteyi-nəzərdən futbolumuza böyük faydası dəyər. 

- Bir neçə gün öncə Gəncədə süni örtüklü meydançanın istifadəyə verilməsi, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun bölgəyə səfəri, "Kəpəz”in Premyer Liqaya yüksələcəyi ilə bağlı söz-söhbətlər komandada, məşqçilərdə ümid yaradıb?

- Əlbəttə, belə söhbətlər var. Amma rəsmi heç nə yoxdur. Lisenziyalaşdırma ilə bağlı proseslər gedir. İşlərimizi qururq. Gəncədəki stadionda təmir işləri aparılır. Bu, çox xoşdur. Amma futbolçularda arxayınlıq yaratmamalıdır. Bu gün onlar Birinci Divizionda oynayırlar. Özlərini yaxşı tərəfdən göstərməlidirlər ki, sabah komanda Premyer Liqaya yüksələndə onlara şans verilsin. Öz üzərlərində çalışmalıdırlar, Premyer Liqaya uyğun olduqlarını sübut etməlidirlər. Əvvəldən özləri ilə də danışmışıq. Şansları öz əllərindədir. 

- Yeni istifadəyə verilmiş stadionlardan yararlanırsınızmı?

- Balaca meydançalardır. Uşaq futbolu üçün nəzərdə tutulub. Əsas komandanın öz meydançası var. Açılışı bu yaxınlarda olub. Yəqin ki, istifadə edəcəklər. Əsas komanda və yuxarı yaş qrupları üçün stadionun ərazisində yeni meydançalar tikiləcək. Planda iki təbii meydança salınması nəzərdə tutulub. 

- Bu meydançalarla bağlı durum nə yerdədir? Heç AFFA-dan maraqlanırlarmı?

- Bəli, maraqlanırlar. Elxan Məmmədov da gəlmişdi. Düzdür, onunla görüşə bilmədim. Çünki həmin vaxt mən Bakıda idim. Amma şəhər və klub rəhbərliyi onunla görüşüb. Mən yenicə gəlmişəm Gəncəyə. Ona görə də nələrin müzakirə edilməsi ilə bağlı məlumatım yoxdur.

Səbuhi Həsənov